Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Onuncu üçtərəfli iclası keçirilib

Fevralın 24-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Onuncu üçtərəfli iclası keçirilib.
Tədbiri açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclas iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb.
Səməd Seyidov Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın perspektivləri, regionda sülh və sabitliyin əhəmiyyəti, bərpaolunan enerji sahələrində görülən işlər, bu sahədə parlamentlərin rolu, parlamentlərarası əlaqələrin inkişafı, ölkələrimiz üçün ortaq maraq kəsb edən məsələlərdə qanunvericiliyin uyğunlaşdırılması,  Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri, COP31-in Türkiyədə keçirilməsinin əhəmiyyəti,  Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, ABŞ-la münasibətlərin inkişafı, Azərbaycan və Gürcüstanın müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı, regionda yaşıl enerji, nəqliyyat və kommunikasiya sahələrinin gələcəyi  və digər məsələlər barədə fikirlərini bölüşüb.
Milli Məclisin komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan öz qonşuları ilə münasibətlərə böyük önəm verir və qonşu ölkələrdə sabitliyin tərəfdarıdır. O, bu görüşün ölkələrimiz arasında üçtərəfli əməkdaşlığın, parlament diplomatiyasının daha da güclənməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Fuad Oktay bu cür tədbirlərin parlament diplomatiyasının inkişafı və regional həllərin tapılması baxımından mühüm əhəmiyyətini qeyd edib. O, Cənubi Qafqazda sülh və sabitliyin qorunmasının Türkiyə üçün prioritet olduğunu və ölkəsinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesini güclü şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Türkiyə parlamentinin komitə sədri parlament diplomatiyasının imkanları, Tramp marşrutunun əhəmiyyəti, regionda həyata keçirilən layihələr, dünyada mövcud geopolitik vəziyyət və digər məsələlər barədə danışıb. O, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin bütün regionun və qonşu ölkələrin inkişafına öz töhfələrini verəcəyinə inamını bildirib. Komitə sədri dünyada gedən geosiyasi tranformasiyaların və qlobal qeyri-müəyyənliklərin enerji və nəqliyyat sahələrində diversifikasiyanın vacibliyini bir daha vurğuladığını diqqətə çatdırıb. 
Sonra çıxış edən Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze  bu formatda iclasın keçirilməsinin əhəmiyyətindən danışıb və  Gürcüstanın bu formata böyük önəm verdiyini qeyd edib. O, parlament diplomatiyasının bu üç ölkə arasında münasibətlərin inkişafındakı rolunu diqqətə çatdırıb. Komitə sədri dünyadakı münaqişələr, geosiyasi vəziyyət barədə fikirlərini bölüşüb və Gürcüstanın münaqişələrin sülh yolu ilə həllinə sadiq qaldığını qeyd edib. Nikolaz Şamxaradze sülhün iqtisadi inkişaf üçün mühüm amillərdən biri olduğunu və Gürcüstan iqtisadiyyatının ötən il inkişafına görə dünyada ikinci yerdə olduğunu diqqətə çatdırıb. Komitə sədri Gürcüstanın Türkiyə və Azərbaycanla iqtisadiyyat və turizm sahəsində əməkdaşlığı barədə danışıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin regional əməkdaşlıqda rolu və ölkələrimiz arasında  iqtisadi əməkdaşlığın perspektivləri barədə fikirlərini açıqlayıb. 
İclasda çıxış edən Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib ki, Türkiyə və Gürcüstan parlamentləri ilə birgə keçirilən bu iclas regionumuzun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir və üç ölkə arasında strateji tərəfdaşlığın parlament ölçüsündə daha da dərinləşdirilməsi baxımından xüsusi platformadır.
O, diqqətə çatdırıb ki, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, sərhəd təhlükəsizliyi, hibrid təhdidlər və informasiya təhlükəsizliyi kimi məsələlər üç ölkənin ortaq gündəliyində xüsusi yer tutur. Bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq artıq uzun illərdir ki, təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində strateji xarakter daşıyır. 
Komitə sədri bildirib ki, bu kontekstdə parlament diplomatiyası xüsusi əhəmiyyət kəsb edir. Parlament dostluq qrupları dövlətlərarası münasibətlərin yumşaq güc elementlərindən biridir. Bu platformalar vasitəsilə qanunvericilik təcrübəsi paylaşılır, regional layihələrin hüquqi bazası gücləndirilir, humanitar və mədəni əlaqələr təşviq edilir, ictimai diplomatiya inkişaf etdirilir.

Sonra çıxış edən hər üç ölkənin deputatları Mehmet Güzelmansur, İrakli Şatakişvili, Nigar Arpadarai, İsmail Özdemir, Nigar Məmmədova, Metin Ergün, Zaur Şükürov, Fariz İsmayılzadə, Mustafa Canbey, Sevinc Fətəliyeva, Gülşən Paşayeva, Pərvanə Vəliyeva, Rizvan Nəbiyev parlamentlər arasında bu cür üçtərəfli görüşlərin əhəmiyyətindən danışıblar. Deputatlar COP31-in Türkiyədə keçirilməsi, texnologiyaların və süni zəkanın inkişafı, ətraf mühitin qorunması, ölkələr arasında qanunvericiliklərin uyğunlaşdırılması, saxta informasiyaların qarşısının alınması, kibertəhlükəsizliyin təmin edilməsi və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Tural Gəncəliyev, Nəsib Məhəməliyev, Qaya Məmmədov, Sevil Mikayılova, Elçin Mirzəbəyli, Asim Mollazadə, Elman Nəsirov, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üzvləri və digər rəsmi şəxslər  iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31