Cenevrədə diplomatik sınaq: Tehran və Vaşinqton ortaq məxrəcə gələ biləcəkmi?- ÖZƏL
16:08 SiyasətAbbas Əraqçi ABŞ nümayəndəsi ilə fevralın 26-da Cenevrə şəhərində mümkün görüşlə bağlı açıqlamasında İranın nüvə proqramı ətrafında Vaşinqtonla razılaşmanın mümkünlüyünü istisna etməyib və diplomatik kanalların açıq qaldığını vurğulayıb.
Cenevrədə nəzərdə tutulan bu görüş konkret razılaşmalarla nəticələnə bilərmi, yoxsa daha çox siyasi jest və taktiki diplomatik addım kimi qiymətləndirilməlidir?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" İran və Amerika Birləşmiş Ştatları Cenevrədə danışıqları davam etdirməklə bağlı qərar veriblər. İranın xarici işlər naziri bəyan edib ki, ABŞ-la müəyyən anlaşmanın imzalanması üçün sənəd hazırlanır. Sənədin 2-3 günə hazır olacağı bildirilir. Belə görünür ki, həmin təkliflər paketi artıq hazırdır. Cenevrədə görüşün keçirilməsi isə əslində normal yanaşma tələb edir. Belə ki, Cenevrə ümumiyyətlə dünya diplomatiyasında daha çox vasitəçilərin yaxud vasitəçilərsiz keçirilən danışıqlar məkanı kimi qəbul olunur. Bu baxımdan ABŞ və İran nümayəndələrinin burada görüşməsi təsadüfi sayıla bilməz.
O ki qaldı bu görüşdə real nəticələrin olub-olmayacağına, yoxsa bunun simvolik məna daşıyacağına- bunu demək çox çətindir. Çünki hazırda İranla Amerika Birləşmiş Ştatları arasında kifayət qədər ciddi fikir ayrılıqları mövcuddur. Doğrudur, İran tərəfi müəyyən addımlar atmaqla həm öz maraqlarını qorumaq, həm də Amerika tərəfini razı salmaq barədə düşünür. Amma nəzərə almaq lazımdır ki, bu prosesdə üçüncü tərəf də var. Burada İsrailin maraqları nəzərə alınmadan üçtərəfli balansın əldə olunmasının ciddi nəticələr verəcəyini düşünmürəm.
Bütün hallarda, hazırkı diplomatik cəhdlər müsbət amildir. Tərəflər hələlik savaş ritorika ilə yanaşı diplomatik danışıqlar prosesini də əsas götürürlər. "Ən yaxşı savaşdan pis diplomatiya" prinsipinə uyğun olaraq bu danışıqların və diplomatik səylərin davam etdirilməsi arzuolunandır. Bir daha qeyd edim ki, hazırda tərəflər arasında anlaşma ehtimalını çox yüksək hesab etmirəm. Çünki məsələlərə baxışda və ABŞ-ın irəli sürdüyü şərtlərə münasibətdə ciddi fərqlər mövcuddur və tərəflərin mövqeləri bir-birindən diametral şəkildə fərqlənir".
Zeynəb Mustafazadə