Qərblə Şərq arasında qızıl orta: Azərbaycanın uğurlu "balans" diplomatiyası – ÖZƏL

"Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə balanslaşdırılmış siyasət həyata keçirir. Çoxvektorlu xarici siyasət ölkənin xarici siyasət doktrinasının əsas xəttini təşkil edir. Şimalla, cənubla, şərqlə və qərblə münasibətlər həm siyasi, həm də iqtisadi müstəvidə qarşılıqlı maraqlar əsasında uzlaşdırılır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib.

Ekspert bildirib ki, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Prezidentin həyata keçirdiyi siyasət nəticəsində regionda yeni siyasi reallıq formalaşıb. Bu reallıq həm regional, həm də geosiyasi baxımdan böyük maraq doğurur. Müharibədən sonra gündəmə gələn Zəngəzur dəhlizi layihəsi də Azərbaycanın yaratdığı yeni geosiyasi vəziyyətin tərkib hissəsidir. Avropa ilə münasibətlər də iqtisadi müstəvidə inkişaf etməkdədir. Doğrudur, zaman-zaman Avropa İttifaqı və onun bəzi institutları, o cümlədən Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı qərəzli yanaşmalar və təzyiq ritorikası müşahidə olunub. Lakin bu hallara adekvat cavab verilib və Azərbaycanın mövqeyinin haqlı olduğu beynəlxalq müstəvidə öz təsdiqini tapıb.
Buna baxmayaraq, Azərbaycan Avropa ilə ikitərəfli əməkdaşlığı davam etdirib və inkişaf etdirir. Bu gün Avropa İttifaqına üzv olan bir sıra dövlətlər Azərbaycanla enerji layihələri həyata keçirir və ölkəmiz Avropanın müəyyən hissəsinin enerji təhlükəsizliyinə töhfə verir. Bu baxımdan Azərbaycanın balanslaşdırılmış siyasəti artıq bütövlükdə Avropa İttifaqının diqqətini cəlb edir.

"Cənubi Qafqaz regionunda Avropanın da maraqları mövcuddur və regionun aparıcı dövləti kimi Azərbaycanla razılaşdırılmadan hər hansı iri layihənin həyata keçirilməsi real görünmür. Bu səbəbdən Avropa İttifaqı da Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Əməkdaşlığın həm iqtisadi, həm də siyasi sahədə qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında qurulması hər iki tərəfin maraqlarına uyğundur. Azərbaycan çoxvektorlu siyasət çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı inkişaf etdirir. Ölkəmiz eyni zamanda Müstəqil Dövlətlər Birliyi və Türk Dövlətləri Təşkilatı platformalarında da fəal əməkdaşlıq edir", - deyə ekspert əlavə edib.

A. Məsiyev qeyd edib ki, Azərbaycanın hər hansı dövlət və ya təşkilatla qurduğu əməkdaşlıq üçüncü tərəflərə qarşı yönəlməyib. Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsi də başqa dövlətlərin əleyhinə hesablanmayıb. Ölkə qonşularla dinc yanaşı yaşama prinsipini əsas götürür və bunu beynəlxalq hüquq çərçivəsində həyata keçirir.
Azərbaycan öz dövlət və milli maraqlarını rəhbər tutaraq həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır və bu siyasəti ardıcıl şəkildə davam etdirir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31