Kuba yolayrıcında: Sosialist rejiminin 65 illik tarixi başa çatırmı? – ÖZƏL

Kuba müasir tarixinin ən ağır iqtisadi və enerji böhranı ilə üz-üzədir. ABŞ-nin sanksiyaları və təzyiqləri nəticəsində Venesuela və Meksikanın neft tədarükünü dayandırması adada həyatı tamamilə iflic edib. Yanacaq çatışmazlığı səbəbindən küçələrdə zibillərin daşınması belə qeyri-mümkün hala gəlib, məktəblərdə dərslər dayandırılıb, işçilər isə ödənişsiz məzuniyyətə göndərilib. Turizm sektoru da uçuşların ləğvi səbəbindən çöküş yaşayır. Burada diqqəti çəkən məqam odur ki, Venesueladakı hadisələrdən sonra Rusiya rəsmi olaraq dönə-dönə bəyan etdi ki, Kubanı yanacaqsız qoymayacağıq. 

Maraqlıdır, Rusiya vədini niyə yerinə yetirmir? Venesuela və Meksikanın geri çəkilməsindən sonra Kuba rəhbərliyi üçün Çin və ya digər müttəfiqlər "xilas kəməri" ola bilərmi? 

"Görünən odur ki, bəzi ehtimallara görə Venesueladan sonra Kubada da mövcud rejim çökə bilər. 1959-cu ildən etibarən, Havanada Fidel Kastro hakimiyyətə gəldikdən sonra ölkədə sosialist hökumət formalaşıb və bu günə qədər davam edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, dəfələrlə ABŞ bu rejimi devirməyə çalışsa da, buna nail ola bilməyib. Lakin son illərdə baş verən proseslər, xüsusilə iqtisadi həyatın son dərəcə ağır və böhranlı vəziyyətə düşməsi onu göstərir ki, Kubadakı rejim də sarsıla bilər. Faktiki olaraq, hakimiyyətin dəyişməsi üçün kiçik bir təkan kifayət edə bilər. Böyük ehtimalla, ABŞ ilə əməkdaşlığa açıq olan və ya Vaşinqtonun təsir dairəsində olan qüvvələr hakimiyyətə gələ bilər. Bu isə regionda yeni geosiyasi şəraitin formalaşmasına səbəb ola bilər.

"Ümumilikdə hesab edirəm ki, Donald Trampın əsas missiyası ətraf regionlarda ABŞ-yə qarşı olan hakimiyyətlərin devrilməsi və onların yerinə ABŞ ilə əməkdaşlıq edən qüvvələrin gətirilməsi planı kimi görünür. Böyük ehtimalla, Kuba ilə bağlı da belə bir ssenari nəzərdə tutula bilər.
Rusiya və Çinə gəlincə, düşünürəm ki, Rusiya hazırda öz daxili problemləri ilə məşğuldur. Xüsusilə Ukrayna lə müharibə Rusiya iqtisadiyyatını ciddi şəkildə zəiflədib və resurslarını tükəndirməkdədir. Bu səbəbdən Moskvanın Kubaya real və effektiv dəstək vermək imkanları məhdud görünür", - deyə Z. Əmrəliyev əlavə edib.

Ekspertin fikrincə, Çin də ABŞ ilə birbaşa qarşıdurmaya gedərək bu proseslərdə aktiv iştirak etməyəcək. Çinin hazırkı əsas prioriteti gərginliyi nəzarətdə saxlamaq və uzun illərdir fərqli siyasi sistemlə idarə olunan Tayvan üzərində nəzarəti bərpa etməkdir. Bütün bunlar onu göstərir ki, Kuba bu məsələdə tək qala bilər və artıq müəyyən mənada təkdir. Böyük ehtimalla, ABŞ-nin müdaxiləsi nəticəsində Kubadakı sosialist rejim də çökə bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31