Xocalı Soyqırımının ildönümü ilə bağlı Böyük Quruluş Partiyasının BƏYANATI
14:17 SiyasətAzərbaycan xalqı XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı Soyqırımının növbəti ildönümünü dərin hüzn və ehtiramla yad edir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törədilmiş, yüzlərlə günahsız insan - qadınlar, uşaqlar və qocalar amansızlıqla qətlə yetirilmişdir.
Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. 613 nəfərin qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması və əsir götürülməsi, ailələrin tamamilə məhv edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması və insanlıq əleyhinə cinayət kimi tarixə düşmüşdür.
Böyük Quruluş Partiyası olaraq bildiririk ki, Xocalı Soyqırımına hüquqi-siyasi qiymətin beynəlxalq müstəvidə tam şəkildə tanınması istiqamətində mübarizə davam etməlidir. Bu soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması ədalətin və beynəlxalq hüququn tələbidir.
Bu gün azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı şəhidlərimizin qanı və qəhrəmanlarımızın şücaəti hesabına ucalır. Xocalı qurbanlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların faciəsi heç vaxt unudulmayacaq.
Böyük Quruluş Partiyası Azərbaycan xalqının həmrəyliyini, dövlətimizin gücünü və milli birliyimizi əsas amil hesab edir və Xocalı şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edir.
Tanrı bütün şəhidlərimizə rəhmət eləsin.