Cinayət Məcəlləsində dəyişiklik fikir ayrılığı yaratdı
12:42 SiyasətMilli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı Konstitusiyanın 151-ci maddəsinə əsasən beynəlxalq müqavilələr qanunlardan üstün hüquqi qüvvəyə malik olduğunu qeyd edib və ziddiyyət yarandıqda beynəlxalq müqavilələr tətbiq olunduğunu vurğulayıb: "Əgər 4 il və daha artıq azadlıqdan məhrumetmə cəzası ağır cinayət hesab olunursa, deməli, Cinayət Məcəlləmizi bu qanunvericiliyə uyğunlaşdırmalıyıq. Açığı, bilmirəm biz buna hazırıqmı, yoxsa yox. Çünki ağır cinayət işlərinin sayı artarsa, məhkəmələrdə iş yükü də xeyli artacaq. Amma əgər konvensiyanı ratifikasiya etmişiksə, qanunvericiliyimizi də uyğunlaşdırmalıyıq". "Olaylar"ın məlumatına görə, millət vəkili qeyd edib ki, normativ hüquqi aktlar haqqında qanuna görə terminlər eyni cür qəbul və tətbiq edilməlidir. Yəni "ağır cinayət" anlayışını iki fərqli formada qanunvericilikdə saxlaya bilmərik: "Ümumiyyətlə, kibercinayətkarlıqla bağlı təşəbbüsü 270-ci maddə ilə deyil, əgər tövsiyə olunursa, müvafiq orqanlarla birlikdə ayrıca müzakirə etmək daha məqsədəuyğun olar".
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də Qüdrət Həsənquliyevin təklifləri ilə razılaşmayıb: "Kibercinayətlərlə bağlı cəzaların sərtləşdirilməsi mövqeyi hazırda hüquq ictimaiyyətində mövcuddur. Vaxtilə Cinayət Məcəlləsi qəbul olunanda sanksiyalar elə də sərt deyildi, üç ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulurdu. Çünki o dövrdə vəziyyət indiki kimi deyildi. İndi isə hamımız razıyıq ki, kibercinayətlərin həm sayı, həm də formaları artıb və bu, ciddi narahatlıq doğurur. Buna adekvat yanaşma ortaya çıxır. Yəni prinsip etibarilə Qüdrət müəllimin mövqeyini bölüşürük. Sadəcə tətbiq mexanizmi üzərində düşünmək lazımdır. Çünki ağır cinayət kateqoriyasına aid edilərsə, iş yükü artacaq. Bunun doğuracağı nəticələri də hesablamalıyıq.
Anlayışlarla bağlı məsələyə gəldikdə isə qeyd etməliyəm ki, cinayət-prosessual qanunvericiliyə daxil edilən yeni anlayışlar - təxminən altı-yeddi anlayış - birbaşa konvensiyanın mətnindən götürülüb. Onların üzərində aylarla iş aparılıb, xüsusi işçi qrupu çalışıb. Bu anlayışlar artıq qəbul və ratifikasiya etdiyimiz beynəlxalq konvensiyanın terminləridir və cinayət-prosessual məcəlləyə köçürülür".
Qeyd edək ki, Cinayət hüququ ilə bağlı dəyişiklik layihəsinə əsasən Elektron sübutların toplanması hüquqi çərçivəyə salınır, məhkəməyədək icraatın və məhkəmə icraatının elektron qaydada aparılması proseduru müəyyənləşir.