Cinayət qanunvericiliyində dövlətlərin suveren hüquqları müstəsna rol oynayır-Deputat
12:40 Siyasət"Mən bu qanun layihəsinə birinci oxunuşda əleyhinə səs vermişdim, indi də əleyhinə səs verəcəm. Mənim demək istədiyim məsələ beynəlxalq hüquq, Konstitusiyamız və cinayət qanunvericiliyi arasındakı nisbətlə bağlıdır. Tamamilə doğrudur ki, beynəlxalq müqavilələrlə yerli qanunvericilik arasında ziddiyyət yarandıqda, Konstitusiyamızın müvafiq icraedici maddəsinə əsasən hüquqi üstünlük milli qanunvericiliyə verilir. Lakin cinayət qanunvericiliyinin özünəməxsus xüsusiyyətləri var və burada dövlətlərin suveren hüquqları müstəsna rol oynayır. Çünki əməlin cinayət hesab edilib-edilməməsi, həmin cinayətin hansı təsnifata aid edilməsi, cəzanın aşağı və yuxarı hədlərinin müəyyən olunması birbaşa dövlətin suveren səlahiyyətlərinə daxildir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Erkin Qədirli Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi haqqında danışarkən deyib.
Deputat qeyd edib ki, beynəlxalq müqavilədə, yəni müvafiq konvensiyada, cinayətin cəzasının dörd ildən başladığına dair müddəalar mövcud ola bilər, lakin bu, Azərbaycan dövləti üçün cinayətlərin təsnifatına yenidən baxılması ilə bağlı heç bir məcburi öhdəlik yaratmır. Azərbaycan cinayət qanunvericiliyində cinayətlərin təsnifatı cinayət hüququnun əsas prinsiplərinə uyğun şəkildə müəyyən edilib və bu baxımdan burada hər hansı problem yoxdur: "Üstəlik, beynəlxalq müqavilələrin hamısı istər-istəməz kompromis nəticəsində formalaşır. Hüquq sistemləri arasında, xüsusilə də cinayət hüququ və cinayət qanunvericiliyi sahəsində ciddi fərqlər mövcuddur. Məsələn, biz kontinental hüquq sisteminə aidik və bu sistemdə cinayətin tərkibi dörd ünsürdən ibarətdir: obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət. Anglo-sakson hüquq sistemində isə cinayətin tərkibi iki əsas ünsür üzrə müəyyən edilir: mental element və material element. Bütün bu fərqliliklər nəzərə alınaraq, beynəlxalq müqavilələr məhz kompromis xarakteri daşıyır və anlayışlar bu çərçivədə formalaşdırılır. Bu səbəbdən mən həmin sahədə hər hansı problem görmürəm. Məsələnin mahiyyətini daha ətraflı izah etməklə vaxtınızı almaq istəmirəm, çünki bu, tamam başqa səbəblərlə bağlıdır"