Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda 10 faiz pay potensialı var
12:05 Siyasət"Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq əlavə dəyər qatacağı gözlənilir ki, bu da işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının kifayət qədər yüksək olduğunu göstərir". "Olaylar" xəbər berir ki, bunu Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov deyib.
"Uzun müddət işğal altında qalmış torpaqlarımız bərpa edilir və yenidən qurulur. 75 mindən çox vətəndaşımızın yaşadığı və çalışdığı Qarabağ və Şərqi Zəngəzurda bu ilin sonunadək daha 80 min nəfərin yaşayaraq işləyəcəyi gözlənilir. Bu, ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə 150 mindən çox vətəndaşımızın yaşayacağı deməkdir. İşğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, o cümlədən intensiv məskunlaşma bu gün Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Nəzərə alsaq ki, zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cı il daxil olmaqla bu istiqamətə 3,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız dövlət büdcəsindən 2026-cı il daxil olmaqla, zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin ediləcək. Bu vəsait hesabına infrastrukturun yenidən qurulması, məskunlaşma üçün yaşayış evlərinin tikintisi, eyni zamanda sosial və kommunal xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun bərpası və yenidən qurulması işləri daxildir. İlkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatında 10 faiz pay formalaşdırmaq potensialı var".