Zəngəzur dəhlizi dalanda: Rusiya Ermənistana təzyiq edir – Azərbaycanın addımı nə olacaq?
18:52 SiyasətZəngəzur dəhlizinin açılması ləngiyir. Buna səbəb kimi Ermənistan dəmir yollarının Rusiyanın nəzarətində olması göstərilir. Moskva bu rıçaqdan istifadə edərək, prosesi yubadır. Rəsmi İrəvan dəmir yollarına nəzarətin Rusiya və Ermənistana dost olan üçüncü ölkəyə verilməsini təklif etsə də Rusiya buna razı olmur.
Globalinfo.az-ın xəbərinə görə, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistan bu zolaq üzərində suveren hüquqlarının bir hissəsini hələ 1992-ci illərdə faktiki olaraq təhvil verib. Publika.az-a danışan sabiq nazirin sözlərinə o zaman belə bir siyasi konsepsiya irəli sürülmüşdü ki, MDB-nin xarici sərhədləri birgə qorunmalıdır.
T.Zülfüqarov bildirib ki, 2008-ci ildə Ermənistan "Rusiya Dəmir Yolları" ilə saziş imzalayaraq dəmir yollarının idarəçiliyini həmin şirkətə verdi. Halbuki sovet dövründə həmin dəmir yolları Azərbaycanın mülkiyyəti idi. Orada çalışan həm azərbaycanlılar, həm də ermənilər əməkhaqqını Azərbaycan Respublikasından alırdılar.
"Ümumiyyətlə, dəmir yollarının mülkiyyət baxımından bizdən alınması qəbuledilməzdir. Beynəlxalq praktikada bir ölkənin mülkiyyəti başqa ölkə ərazisində yerləşə bilər və bu hüquq tanınır. Məsələn, Belarusun Latviyada sanatoriyası var və həmin obyekt Belarusun mülkiyyəti sayılır.
Əgər Alma-Atı deklarasiyasının prinsiplərini əsas götürsək, bu məsələ müəyyən aspektlərdə qaldırıla bilər. Ermənistan bizim mülkiyyətimizi Rusiyaya verib. İndi isə "Vaşinqton razılaşması" çərçivəsində hüquqları Amerika şirkətinə ötürmək niyyətindədir. Razılaşmaya görə, səhmlərin 76 faizi Amerika şirkətinə, 24 faizi isə Ermənistana məxsus olacaq" - Zülfüqarov bildirib.
Sabiq nazirin sözlərinə görə, burada məntiqi ziddiyyət var: "
Əgər Ermənistan dəmir yollarını Amerika şirkətinə vermək istəyirsə, əvvəlcə Rusiyadan geri almalı, sərhədçilərin çıxarılmasını təmin etməli və mülkiyyət məsələsini hüquqi müstəvidə həll etməlidir. Bu prosesləri isə görmürük. Hətta maraqlı bir hadisə də baş verib: Amerika şirkətinin nümayəndələri bölgəyə gələndə rus sərhədçiləri onları saxlayaraq səfərlərinin səbəbini soruşublar. Bu isə göstərir ki, faktiki nəzarət Ermənistanda deyil".
"Ermənistan dəmir yoluna nəzarəti Rusiyadan almaq üçün nə etməlidir" sualına keçmiş nazir belə cavab verib:
"Ermənistan rəhbərliyi "Vaşinqton razılaşmasına" uyğun olaraq məsuliyyətini dərk etməli və siyasi addımlar atmalıdır. Sual yaranır: bu addımları atmamağın səbəbi qorxudur, yoxsa Moskvanın təzyiqi? Ermənistan nəhayət qərar verməlidir: nə istəyir və nəyə razıdır? Baş nazirin konkret addım atmasının vaxtı çoxdan çatıb. Lakin görünən odur ki, seçki riskləri səbəbindən proses ləngidilir".
T.Zülfüqarovun sözlərinə görə, Ermənistan beş il əvvəl Rusiya və Azərbaycan qarşısında öhdəlik götürüb ki, dəhliz açılacaq. Lakin proses uzadılır. İndi isə ABŞ qarşısında da öhdəlik götürülüb və yenə gecikmə müşahidə olunur:
"Bu vəziyyət artıq Azərbaycan üçün problem yaradır. Dəhliz yalnız Azərbaycan üçün deyil, digər ölkələr üçün də əhəmiyyətlidir. Ermənistan isə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla bağlı süni maneələr yaradır. Azərbaycan strateji təmkin nümayiş etdirir və danışıqlar prosesində bu məsələni daim gündəmdə saxlayır. İctimai müstəvidə hər zaman açıq şəkildə müzakirə olunmasa da, dövlət öz milli maraqlarının təmin edilməsi üçün bütün zəruri addımları atmağa hazırdır".