Sülh tərəfdarı, amma ehtiyatlı: Bakı Qəzza məsələsində balansı qoruyur- ÖZƏL
17:05 SiyasətQazaxıstan və Kosovo Qəzzaya sülhməramlı qüvvə göndərmək qərarı versə də, Azərbaycan bu prosesdə iştirak etməyəcəyini açıqlayıb. Prezident İlham Əliyev yanvarın 5-də ölkənin mövqeyini bəyan edərək, Azərbaycanın müharibədən yeni çıxmış dövlət kimi başqa münaqişə zonasına hərbçi göndərməsinin məqsədəuyğun olmadığını vurğulayıb.
Bu kontekstdə maraqlıdır, Qəzza üzrə Sülh Şurasının təsisçilərindən biri olan Azərbaycan necə hərəkət edəcək və etməlidir?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Biz Sülh Şurasında iştirak edirik. Bu, doğru bir addımdır. Biz həmişə sülh istəyən, sülhsevər, sülhün mövcudluğu üçün çalışan bir ölkə, xalq və dövlət olmuşuq. Cənab Prezident İlham Əliyev də sülh istəyən və bunun üçün çalışan bir liderdir. Və biz, təbii ki, Sülh Şurasında iştirakımızı tam təbii hesab edirik.
Amma burada müəyyən məsələlər var. Yəni, Sülh Şurasında yalnız hərbi məsələlər-ordu göndərmək və sair gündəmdə deyil. Siyasi məsələlər də mövcuddur. Yəqin ki, problemin həlli üçün danışıqlar da aparılacaq. Azərbaycan burada kifayət qədər töhfə verə bilər və bu töhfə faydalı da ola bilər. Azərbaycanın İsraillə yaxşı münasibətləri var. Azərbaycan Fələstinlə də əlaqələrini qoruyur və oradakı humanitar məsələlərə dəstək verir. Amma bütün bunlar əsas vermir ki, biz BMT-nin qərarları olmadan, ciddi təhlükəsizlik problemləri olduğu halda, təhlükəsizlik məsələləri həll edilmədən gedib həmin sülhyaratma missiyasında iştirak edək. Yəni buna gərək yoxdur. Azərbaycan bununla bağlı öz təhlükəsizlik şərtlərini və mövqeyini açıqlayıb. Məsələlər təmin olunana qədər, mən düşünürəm ki, ora getmək və həmin hərbi sülhyaratma missiyasında iştirak məsələsi açıq qalmalıdır və açıq da qalır. Gələcəkdə həmin məsələlər öz həllini taparsa, o zaman bu məsələyə yenidən baxmaq mümkün olar".
Zeynəb Mustafazadə