Bəhruz Quliyev: Cenevrə görüşü böyük qarşıdurmanın idarə olunması cəhdidir – ÖZƏL

İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 26-da Cenevrə şəhərində ABŞ nümayəndəsi ilə mümkün görüş barədə açıqlama verib. O bildirib ki, İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılaşma mümkündür və diplomatik kanallar açıq qalır.

"ABŞ və İran arasında mümkün dialoqla bağlı Abbas Əraqçi tərəfindən verilən açıqlama, regionda artan gərginlik fonunda diqqətlə izlənilməlidir. Xüsusilə də görüşün Cenevrə kimi illərdir İran-Qərb danışıqlarının simvoluna çevrilmiş bir məkanda keçirilməsi, prosesin yalnız texniki deyil, həm də siyasi-psixoloji məna daşıdığını göstərir.
Bu cür görüşlər, adətən, iki paralel məqsədə xidmət edir. Bir tərəfdən, Vaşinqtonla Tehran arasında gərginliyin nəzarətdə saxlanılması və mümkün eskalasiyanın qarşısının alınması hədəflənir. Digər tərəfdən isə tərəflər öz mövqelərini möhkəmləndirmək, qarşı tərəfin reaksiyasını ölçmək və vaxt qazanmaq üçün diplomatik manevrlər edir." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. 

"Düşünürəm ki, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət, xüsusilə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə münasibətlərdə gərginlik və sanksiya təzyiqlərinin davam etməsi fonunda, real razılaşmanın əldə olunmasını çətinləşdirir. ABŞ isə regionda öz strateji maraqlarını qorumaqla yanaşı, İranın nüvə imkanlarını məhdudlaşdırmaq xəttindən geri çəkilmir.
Bu baxımdan, Cenevrədə planlaşdırılan görüşdən dərhal fundamental nəticələr gözləmək real deyil. Daha çox ehtimal olunan ssenari odur ki, tərəflər mövqelərini test edəcək, müəyyən texniki məsələlərdə məhdud anlaşmalar əldə olunacaq, lakin əsas ziddiyyətlər qalacaq", - deyə ekspert əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, regionda, xüsusilə Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda ABŞ-İran dialoqunun tam dayanması heç bir tərəfin marağında deyil. Dialoq kanallarının açıq saxlanılması, ən azı, birbaşa toqquşma riskini azaltmaq üçün zəruridir.
Bu görüş nə tam sülhün başlanğıcı, nə də sırf formal xarakter daşıyan addımdır. Daha çox, böyük qarşıdurmanın idarə olunması üçün həyata keçirilən diplomatik prosesin bir hissəsi kimi qiymətləndirilməlidir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31