"Tərəflər maksimalist siyasətdən geri çəkilməsə, nəticə olmayacaq”- Politoloqdan açıqlama-ÖZƏL
16:26 SiyasətAbbas Əraqçi ABŞ nümayəndəsi ilə fevralın 26-da Geneva şəhərində mümkün görüş barədə açıqlama verib. O bildirib ki, İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılaşma mümkündür və diplomatik kanallar açıq qalır.
Cenevrə illərdir İranla Qərb arasında aparılan mühüm danışıqların əsas ünvanı kimi tanınır və bu baxımdan görüş məkanının da simvolik əhəmiyyəti var.
Cenevrədə planlaşdırılan mümkün görüş real nəticəyə gətirə bilərmi, yoxsa bu, sadəcə diplomatik manevr xarakteri daşıyır?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
"Cenevrədə planlaşdırılan görüş də əgər baş tutarsa, digər görüşlərlə demək olar eyni nəticəni verəcək. Ona görə ki, bu görüşlərdə uğurlu və həlledici nəticə almaq üçün müəyyən konsensus olmalıdır. Xüsusən görürük ki, bölgədə hərbi hərəkətlilik artır. Amerika öz donanma və digər qüvvələrinin sayını, həm kəmiyyət, həm də keyfiyyət baxımından artırır. Eyni zamanda İran tərəfi Rusiya və Çinlə koordinasiyada hərbi sənayesini, başda donanma olmaqla, modernləşdirmək üçün ciddi addımlar atır. Bu da o deməkdir ki, tərəflər hər nə qədər masa arxasında bir yerə gəlməyə razı olsalar da, nə İran, nə də ABŞ bir-birinə güvənir. Hər iki tərəf hesab edir ki, qarşı tərəf öz maksimalist istəklərindən və şərtlərindən əl çəkməyəcək. Bu isə nəticə etibarilə danışıqlar prosesi zamanı güvən mühitinin, etimad atmosferinin formalaşmasına imkan vermir. Nəticədə tərəflərdən heç biri kompromis nöqtəsində dayanmaq istəmir. Çünki düşünürlər ki, bu kompromislər qarşı tərəfin maraqlarına xidmət edəcək və konkret nəticə verməyəcək.
Buna görə də hərbi variant hələ də aktuallığını qoruyur. Görürük ki, son zamanlar həm Körfəzdə, həm də ümumilikdə yaxın Şərqdə quru ərazilərdə ciddi risklər hesablanır və bu risklərə qarşı addımlar atılır.
ABŞ-İran dialoqunun perspektivinə gəldikdə isə, bu dialoq yalnız o halda perspektivli ola bilər ki, tərəflərin hər ikisi öz maksimalist siyasətindən geri çəkilsin və real anlaşma niyyəti ortaya qoysun.
Anlaşma kompromis yolu ilə əldə olunur. Həm İran, həm də ABŞ əvvəllər irəli sürdükləri birtərəfli şərtlərdən imtina edərək, hər iki tərəfin qəbul edə biləcəyi orta yolu tapmalıdır. Bu baş vermədiyi təqdirdə ki, hazırkı mərhələdə belə bir mənzərə görünmür-ABŞ-İran dialoqları uğursuz kimi qiymətləndirilməlidir".
Zeynəb Mustafazadə