Paşinyanın “Daşnaksütyun” balansı: Niyə revanşist partiyanı ləğv edə bilmirlər? – ÖZƏL
16:10 Siyasət"Ermənistan parlamentli, demokratik dövlət modelinə malikdir və indiki şəraitdə Daşnaksütyun partiyasının ləğvi ölkənin öz maraqlarına uyğun addım kimi görünmür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Daşnaksütyun uzun illərdir fəaliyyət göstərən, həm siyasi, həm də iqtisadi baxımdan müəyyən təsir gücünə malik olan bir partiyadır. Bu təsir təkcə Ermənistan daxilində deyil, eyni zamanda xaricdə - müxtəlif ölkələrdə formalaşmış diaspor və lobbi şəbəkələri vasitəsilə də özünü göstərir. Məhz həmin əlaqələr Ermənistan üçün arxa planda müəyyən siyasi və iqtisadi dayaq rolunu oynayır.
Bu gün Daşnaksütyunun toplantılar keçirməsi və Ermənistan rəhbərliyinin buna qarşı tənqidi mövqe sərgiləməsi daha çox daxili siyasət kontekstində qiymətləndirilə bilər. Çünki həm Paşinyan, həm də Simonyan mövcud siyasi şəraitdə müəyyən ritorik çıxışlar etməyə məcburdurlar. Partiyanın müxtəlif ölkələrdən nümayəndələri bir araya toplaması isə əsasən lobbiçilik fəaliyyəti ilə məşğul olan çevrələrin iştirakı ilə baş tutur. Bu dairələrin Ermənistanın iqtisadi və siyasi maraqlarına müəyyən dəstək verdiyi də danılmazdır. Erməni ideologiyasının müəyyən elementləri hələ də aktual olaraq qalır.
"Seçkiqabağı mərhələdə Paşinyan və Simonyanın Daşnaksütyunun revanşist mövqeyinə qarşı sərt bəyanatlar verməsi daxili siyasi balansın qorunmasına hesablanmış addım təsiri bağışlayır. Lakin onlar yaxşı anlayırlar ki, Daşnaksütyunu tam şəkildə siyasi səhnədən kənarlaşdırmaq real deyil. Belə bir cəhd beynəlxalq müstəvidə, xüsusilə diaspor və lobbi dairələri tərəfindən siyasi motivli təzyiq kimi qiymətləndirilə və əlavə problemlər yarada bilər. Bu isə ölkə daxilində mitinqlər və gərginlik riski ilə nəticələnə bilər. Məhz buna görə də hakimiyyət bir tərəfdən partiyanın toplantı və fəaliyyətinə hüquqi çərçivədə şərait yaradır, digər tərəfdən isə ictimaiyyətə mesaj verir ki, Daşnaksütyunun irəli sürdüyü "Böyük Ermənistan" ideologiyası artıq müasir reallıqlara uyğun deyil və keçmişdə qalmış yanaşmadır", - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, partiyanın Ermənistanda fəaliyyətinin problemli müstəviyə keçməsi isə Azərbaycanla münasibətlər kontekstində də həssas məqam yaradır. Bu, gələcəkdə mümkün sülh müqaviləsinin imzalanması prosesinə mənfi təsir göstərə biləcək amillərdən biri kimi qiymətləndirilə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətində Daşnaksütyuna ideoloji bağlılıq və müəyyən rəğbət hələ də mövcuddur. Bunu anlayan Paşinyan və Simonyan balanslı mövqe sərgiləməyə çalışırlar. Onlar hüquqi çərçivəni əsas götürərək partiyanın ideologiyasının dəyişməsinin vacibliyini vurğulayır, lakin tam qadağa yoluna getmirlər. Paşinyan bu məsələ vasitəsilə həm daxili siyasətdə mövqeyini möhkəmləndirməyə, həm də xarici siyasətdə özünü avtoritar və ya totalitar lider kimi göstərməməyə çalışır. Mövcud şəraitdə o, müəyyən mənada ikili siyasi balans aparmağa məcburdur və addımlarını da bu reallığa uyğun şəkildə atır.
Lamiyə Cəbrayılova