Köklü ideologiya, müvəqqəti ritorika: Paşinyan Daşnaksütyunla niyə ehtiyatlı davranır?- ÖZƏL
15:27 SiyasətErməni İnqilab Federasiyası (Daşnaksutyun) Bürosunun dəvəti ilə 19-20 fevralda İrəvanda partiyanın rəhbər orqanlarının genişləndirilmiş iclası keçirilib. 20-dən çox ölkədən nümayəndələrin qatıldığı toplantıda dünya ermənilərinin və Ermənistan dövlətçiliyinin qarşısında duran çağırışlar, həmçinin qondarma "artsax"dan köçmüş ermənilərin hüquqları müzakirə olunub. Tədbirin Ermənistan hakimiyyətinin son aylarda Daşnaksütyunun fəaliyyətini məhdudlaşdıra biləcəyi ilə bağlı açıqlamaları fonunda paytaxtın mərkəzində keçirilməsi diqqət çəkir. Ermənistan parlamentinin spikeri Alen Simonyan partiyanın "kitabını bağlayacaqlarını" bəyan etmiş, baş nazir Nikol Paşinyan isə onların seçkilərdə iştirakını sual altına almışdı. Buna baxmayaraq, toplantının açıq şəkildə keçirilməsi hakimiyyətin mövqeyi ilə real vəziyyət arasında ziddiyyət yaradır.
Ermənistan hakimiyyətinin Daşnaksütyuna qarşı sərt bəyanatlarına baxmayaraq, belə bir toplantının İrəvanda keçirilməsi nə ilə izah oluna bilər? Bu, daxili siyasi manevr, yoxsa ikili standart nümunəsidir?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Daşnaksütyun Partiyası köklü bir partiyadır, yəni bu partiya Ermənistan dövlətindən daha qədimdir. Partiyadan daha çox, yəni terror təşkilatı olub, daha sonra partiyalaşan bir strukturdur. O baxımdan bunu bir dəfə ləğv etmək çətindir. Ümumiyyətlə, Ermənistanın daxili dinamikasını və siyasətini düz başa düşmək lazımdır. Yəni, hər şey belə asan deyil Ermənistanda. Bu ölkədə 100 ildən artıq davam edən Böyük Ermənistan ideologiyası var və bu ideologiyanı da terror hücumları ilə davam etdirən bir təşkilat mövcuddur. Vaxtilə Osmanlı dönəmində belə Daşnaksütyun və Hınçak təşkilatları dünyanın müxtəlif yerlərində Türklərə qarşı soyqırımlar törədib. Bunların ən önəmləri isə Talat Paşa və Ənvər Paşaya qarşı edilən suiqəsdlərdir. Bütün bu hadisələr davam etdiyi bir dönəmdə Paşinyan bu gün bunu dedi, sabah isə onu ləğv edəcək, yəni, kilsə ilə bağlı gedən proses də mənə görə Daşnaksütyun Partiyası ilə bağlı eyni motivdir və ona görə radikal bir dəyişiklik və birbaşa nə isə ləğv etmək gündəmə gəlməyə bilər. Hətta ləğv edilməyə də bilər. Sadəcə, məsələn, konsepsiyalarında və ideologiyalarında müəyyən dəyişiklik edilə bilər. Buna nail olsa, partiyaların ləğv edilməsinə ehtiyac qalmaz. Amma seçkiqabağı bunu etməzlər. Bu onların durumunu daha da yaxşılaşdıra bilər. Paşinyan haqlı ikən, özünü haqsız çıxaracaq. Yəqin ki, bu vaxt qazanmaq üçün edilən bir şeydir".
Zeynəb Mustafazadə