Paşinyandan ŞOK: Ermənistan “Moskva relsi”ndən çıxır

Rusiya və Ermənistan hakimiyyətləri Ermənistanın dəmir yollarının gələcəyi ilə bağlı virtual mübahisəyə giriblər. İrəvan rusların investorları qorxutduğunu iddia edərək nəzarəti üçüncü tərəfə ötürməyi təklif edir. Digər yandan, Moskva əmindir ki, onun iştirakı respublikaya fayda verəcək və idarəetmədə dəyişiklik fəlakətə səbəb ola bilər. Rusiya Təhlükəsizlik Şurası katibinin və digər Moskva nümayəndələrinin açıqlamaları hələ ki, Paşinyanı inandıra bilmir. Rəsmi Moskva ilə virtual mübahisəyə girən erməni mediası Ermənistan dəmir yollarının problemlərini sadalamağa başlayıb: aşağı sürət (saatda 50 km-dən çox deyil), vaqon çatışmazlığı və köhnə modellərin istifadəsi, yüksək qiymətlər və sair.

MDB İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Novikov isə bildirib ki, İrəvan hazırda Rusiyanın iri bizneslərini ölkədən çıxarır: "Xüsusilə "Ermənistan Elektrik Şəbəkələri" şirkəti artıq Ermənistan pasportuna malik rusiyalı iş adamı Samvel Karapetyandan alınıb. Hazırda "Cənubi Qafqaz Dəmir Yolu"nun taleyi və potensial olaraq "Rosatom"la əməkdaşlığın dayandırılması müzakirə olunur, çünki İrəvan modul nüvə elektrik stansiyasının tikintisi ilə bağlı ABŞ ilə əməkdaşlıq etməyi planlaşdırır. Bu, Ermənistan-Rusiya münasibətlərinin ümumi şəkildə pisləşməsinə səbəb ola bilər".
Ermənistan Rusiyadan dəmir yollarını da geri ala biləcəkmi? Bu ona nə dərəcədə təhlükə vəd edir?

İqtisadçı ekspert Fikrət Yusifov Musavat.com-a açıqlamasında Kremlin İrəvana qarşı qəzəbli olduğunu bildirib. Onun dediyinə görə, İrəvan Rusiyadan asılılığına xidmət edən məqamları aradan qaldırmadıqca, Moskva onu özünün forpostu kimi idarə etmək istəyindən əl çəkməyəcək: "Paşinyanın ölkəsini Rusiyanın caynağından xilas etmək cəhdləri Kremli hiddətləndirib. Moskva Paşinyanı devirmək və sözəbaxan birini iqtidara gətirmək yolunda həmlələr edir, amma nəticə hasil olmur. Əksinə, Rusiyanın hər belə həmləsindən sonra Paşinyanın Ermənistan cəmiyyətində mövqeyi möhkəmlənib".

F.Yusifov qeyd edib ki, keçən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycanla sülh müqaviləsinin paraflanması isə Moskvanın üzünə Ermənistanın vurduğu ən sərt sillə oldu:

"Rusiya hökuməti və prezident Putin anlamağa başladılar ki, artıq Ermənistan de-fakto onların caynağından qopmaqdadır. Bu gün Ermənistana qarşı bu ölkənin dəmir yollarının idarəçiliyi üzərindəki məsələlərlə bağlı edilən basqılar onu göstərir ki, Rusiya sona qədər Ermənistanı sındırıb özünə tabe etdirmək xülyası ilə yaşayır. Anlamaq istəmir ki, rus imperiyasının əsirlərlə hegemonluq etdiyi Cənubi Qafqazda artıq ABŞ var. Hesab edirəm ki, Ermənistan hökuməti ölkəsinin dəmir yollarının idarəçiliyinin Rusiyanın əlindən alınması yolunda atdığı addımlar sonda uğurla yekunlaşacaq. Çünki burada söhbət tək dəmir yollarının idarəçiliyinin kiməsə ötürülməsindən getmir, məsələ "Tramp yolu"nun fəaliyyətinin maneəsiz olaraq təmin edilməsidir. Və bu baş verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31