Tehrandan Vaşinqtona Cenevrə şoku: "Təslim olmaq yoxdur, razılaşma şayiədir"
14:02 SiyasətCenevrədə keçirilməsi planlaşdırılan İran-ABŞ danışıqları ərəfəsində Tehran rəsmi Vaşinqtonun və beynəlxalq medianın gözləntilərinə kəskin cavab verib.
Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai ölkəsinin geri addım atmayacağını bəyan edərək bütün "müvəqqəti razılaşma" şayiələrini təkzib edib.
Bəqai mətbuat konfransında çıxış edərək bildirib ki, İran ABŞ ilə hər hansı müvəqqəti sazişə dair yayılan məlumatları təsdiqləmir: "Biz heç bir şayiəni təsdiq etmirik. Tehranın mövqeyi dəyişməz olaraq qalır".
İran rəsmisi ölkəsinə qarşı irəli sürülən "təslimiyyət" şərtlərini də sərt şəkildə rədd edib: "Bizim təslim olmaqla heç bir əlaqəmiz yoxdur və bu, beynəlxalq hüquqa da ziddir. Lakin buna baxmayaraq, Tehran diplomatik yolu davam etdirmək əzmindədir".
Bəqai həmçinin Vaşinqtonla danışıqlar üçün irəli sürülən gizli şərtləri də ifşa edib. O, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) zədələnmiş nüvə obyektlərinə baxış keçirməsinin danışıqlar üçün ilkin şərt olması barədə iddiaları təkzib edib. Onun sözlərinə görə, İran öz nüvə proqramı ilə bağlı heç bir kənar təzyiq altında masaya oturmayacaq.
Ekspertlər hesab edir ki, Bəqainin bu çıxışı cümə axşamı keçiriləcək Cenevrə görüşü öncəsi İranın əlini gücləndirmək və daxili auditoriyaya "sarsılmazlıq" mesajı vermək məqsədi daşıyır.