Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
13:35 SiyasətFevralın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. "Olaylar" xəbər verir ki, Komitə sədri Musa Quliyev gündəliyə üç məsələnin daxil edildiyini bildirib. Əvvəlcə komitə sədri gündəliyin birinci məsələsini- Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Bildirilib ki, qanun layihəsində təklif olunan dəyişikliklər ümumilikdə uyğunlaşdırma xarakteri daşıyır və qanunvericilik sisteminə aid digər normativ aktlar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. Layihədə əks olunmuş müddəaların bir çoxu "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş 27 dekabr 2024-cü il tarixli dəyişikliklərlə əlaqədardır.
Gündəliyin növbəti məsələsini - Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev birinci oxunuşda təqdim edib. Qeyd edilib ki, qanun layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan təhsilverənlərin bilik və bacarıqlarının attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya yolu ilə qiymətləndirilməsinin aparılmasını nəzərdə tutur. Layihənin qiymətləndirmə prosesinin obyektivliyini, şəffaflığını və hüquqi əsaslarını gücləndirmək, müasir qiymətləndirmə metodlarının tətbiqini təmin etmək və əmək mübahisələri riskini azaltmaq məqsədilə hazırlandığı bildirilib.
Onlayn iclasda gündəliyin sonuncu məsələsi - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında","Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında","Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə təqdim olunub. Diqqətə çatdırılıb ki, layihədə nəzərdə tutulan dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə alınması, fərdi məlumatlarının qorunması, çətin həyat şəraitində olan uşaqların aşkar edilməsi mexanizmi, uşaqların zorakılıqdan qorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyən edilməsinə imkan verəcək.
Müzakirələrdə komitə üzvləri Soltan Məmmədov,Vüqar Bayramov, Nigar Məmmədova, Jalə Əliyeva, Əziz Ələkbərov, Sevinc Hüseynova, və Göydəniz Qəhrəmanov çıxış edərək, məsələlərlə bağlı fikirlərini səsləndiriblər, bəzi qeyd və təkliflərini irəli sürüblər.
Sonda qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.