Sülh gündəliyi və Azərbaycanın mövqeyi – ÖZƏL– ÖZƏL

"Prezident İlham Əliyevin beynəlxalq müstəvidə yürütdüyü uzaqgörən və balanslaşdırılmış xarici siyasət Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasında mühüm bir aktor kimi mövqeyini hər keçən gün daha da möhkəmləndirir. Bu xüsusda, dövlət başçısının Amerika Birləşmiş Ştatlarında keçirilən mühüm platformalarda, o cümlədən nüfuzlu beyin mərkəzləri və sülh təşəbbüslərində iştirakı ölkəmizin milli maraqlarının ən yüksək səviyyədə qorunmasına xidmət edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əfsanə İbrahimova deyib. Ekspert bildirib ki, Sülh Şurası kimi mötəbər qurumlarla qurulan dialoq Azərbaycanın regionda sülhün və sabitliyin əsas qarantı olduğunu dünya birliyinə bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin bu platformalardakı çıxışları Ermənistan-Azərbaycan münaqişəsinin tarixə qovuşmasından sonra yaranan yeni reallıqların, habelə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin sarsılmazlığının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əvəzsiz rola malikdir. Bu cür əməkdaşlıqlar ölkəmizə qarşı yönələn qərəzli kampaniyaların qarşısının alınmasında, Azərbaycanın haqlı səsini qlobal siyasi mərkəzlərdə eşitdirilməsində və xüsusilə Qərb siyasi dairələrində respublikamızın imicinin müsbət istiqamətdə formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Sülh Şurası daxilində aparılan müzakirələr vasitəsilə Azərbaycan tərəfi özünün sülh gündəliyini, kommunikasiyaların açılması və regionun iqtisadi çiçəklənməsi ilə bağlı təşəbbüslərini birbaşa qərarverici şəxslərə çatdırır ki, bu da dövlətimiz üçün həm siyasi, həm də strateji dividendlər vəd edir. 

"Dövlət başçısının qətiyyətli mövqeyi və diplomatik məharəti sayəsində Azərbaycan bu gün təkcə enerji resursları ilə deyil, həm də beynəlxalq sülh proseslərinə verdiyi intellektual və siyasi töhfələrlə ABŞ-nin və dünyanın aparıcı siyasi institutları üçün vazkeçilməz bir tərəfdaşa çevrilmişdir. Belə bir nüfuzlu qurumda iştirak Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə sadiqliyini təsdiqləməklə yanaşı, həm də ölkəmizin regiondakı liderlik statusunu və strateji əhəmiyyətini bütün dünyaya bəyan edir", - deyə siyasi ekspert vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31