Azərbaycanın beynəlxalq nüfuzuna qarşı yönəlmiş cəhdlərə etiraz- Böyük Quruluş Partiyasının BƏYANATI
12:52 SiyasətAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Vaşinqton şəhərinə Sülh Şurası Sammiti səbəbiylə səfəri zamanı baş vermiş insidentlə bağlı Böyük Quruluş Partiyası öz prinsipial, qınayıcı mövqeyini bildirir.
Hər bir vətəndaşın fikir bildirmək haqqı var; lakin fikir azadlığı ilə siyasi təxribat arasındakı sərhəd aydın şəkildə qorunmalıdır. Dövlət başçısının xarici səfəri zamanı təhlükəsizlik qaydalarını pozmaq, qarşıdurma yaratmağa cəhd göstərmək və bu davranışı "demokratik etiraz" kimi təqdim etmək nə hüquqi baxımdan əsaslıdır, nə də siyasi baxımdan məsuliyyətlidir.
Diqqət çəkən məqam ondan ibarətdir ki, sözügedən insidentə ilk reaksiyalar uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Amerika Erməni Milli Komitəsi (Armenian National Committee of America) tərəfindən verildi. Ardınca ABŞ Konqresində anti-Azərbaycan çıxışları ilə seçilən Frank Pallone məsələni siyasiləşdirməyə çalışdı. Bu ardıcıllıq baş verənlərin təsadüfi olmadığını bir daha göstərir.
Azərbaycanın beynəlxalq mövqeyi gücləndikcə, onun uğurlarından rahatsız olan dairələrin fəallaşması da təəccüb doğurmur. Bununla belə, istənilən xarici təsir cəhdi qarşısında əsas sipər milli həmrəyliyin möhkəmliyi olmalıdır. Müxalifətçilik dövlətə qarşı çıxmaqla olmur; tənqid məsuliyyətlə aparılmalıdır. Xarici dairələrin informasiya xəttinə qoşulmaq isə siyasi fəaliyyət sayıla bilməz - bu, çox yanlış seçimdir.
ABŞ hüquq-mühafizə orqanlarının və Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin peşəkar müdaxiləsi nəticəsində insidentin böyüməsinin qarşısı alınmışdır. Hüquq və təhlükəsizlik prinsipləri harada pozulursa-pozulsun, qanun çərçivəsində cavabını tapmalıdır.
Böyük Quruluş Partiyası hesab edir ki, dövlətçilik məsələsində siyasi baxış fərqləri arxa plana keçməlidir. Xaricdə Azərbaycanın imicinə zərər vurmağa yönəlmiş istənilən cəhd cəmiyyət tərəfindən birmənalı şəkildə pislənməlidir.
Bu gün Azərbaycanın əsas gücü yalnız siyasi rəhbərliyin iradəsində deyil, cəmiyyətin dövlətçilik şüurundadır. O şüur möhkəm olduqca, heç bir təxribat ölkəmizin inkişaf yolunu dəyişə bilməz.
Dövlətimiz güclü olduqca, milli iradə də sarsılmaz olacaq.
Böyük Quruluş Partiyası
Bakı, 20 fevral 2026-cı il.