Ağ Evdən bir az aralı: Azərbaycan təhlükəsizliyinin görünməyən qəhrəmanları
11:52 SiyasətAz qala bütün qurğuların tribunaya, hər cihazın internetə, hər aparatın qlobal mikrofona çevrildiyi bir anda kiminsə fiziki hərəkətlə, bağırmaqla ortaya çıxması ən yaxşı halda tərbiyəsizlikdir. Bu kobudluq ölkə prezidentinə qarşı yönəldilməyə çalışılırsa, təbii ki, ən yaxşı halda təxribatdır.
Demokratiya, söz azadlığı və KİV-in silaha çevrildiyi bir zamanda çoxüzlü formatda hazırlanan qüvvələrlə mübarizə aparmaq olduqca çətindir. Bu qüvvələr ictimaiyyət qarşısına çıxanda lövhələrində "demokratiya" yazılsa da, lövhənin sapı ən azından xəncərdir. Xoşməramlı sima təqdim edən belə qruplar bir əlləri ilə istənilən gözəl şüar göstərə bilərlər, lakin ciblərindəki digər əllərində mütləq tapança olacaq. Onlar fürsət gözləyirlər ki, əllərində olan və olmayan bütün vasitələrlə proqramlaşdırıldıqları hədəfə ən azından ləkə atsınlar.
Vaşinqtonda Prezident İlham Əliyevin qalacağı otel ətrafında törədilməyə çalışılan təxribat da bu dəbdən düşmüş kampaniyanın son "pankart"larından idi. Qərb "fast-food"uyla yöndəmsiz piylənmiş üç-beş şəxs səslərini meqafonla gücləndirərək ön plana çıxmağa çalışsa da, bu süni gurultunun arxasında məkrdən savayı heç bir istək durmur.
Əslində bu nə qədər qara əməl olsa da, baş verdikdən sonra bir neçə reallığa işıq saldı: birincisi, bu tip qrupların dünyanın hər yerində hazır vəziyyətdə gözlədiyi reallığı; ikincisi, dünyanın hər yerində bu cür təhdidləri dərhal neytrallaşdırmaq imkanına malik peşəkar təhlükəsizlik strukturumuzun mövcudluğu reallığı.
Ölkənin ali şəxsinin təhlükəsizliyi birbaşa ölkənin təhlükəsizliyidir. 19 fevral 2026-cı ildə Azərbaycan Amerika Birləşmiş Ştatlarında təmsil olunurdu; bundan beş gün əvvəl isə Almaniyada idi.
Artıq ölkə, dövlət və hökumət anlayışı fiziki sərhədlərlə ölçülmür; ölkə sərhədləri torpaq üzərinə sabitlənmiş tikanlı məftillər deyil, indi sərhədlər daha innovativ materialdandır. Qlobal dünyada ölkənin taleyi harada həll olunursa, həmin gün ölkənin sərhədləri həmin konfransa, şuraya, foruma daşınır və genişlənir. Bu əzəmətli reallıqda Prezidentin Təhlükəsizliyi Xidmətinin işi bəzən ölkə ordusunun fəaliyyəti qədər vacib səviyyəyə yüksəlir.
Xidmət əməkdaşları səyyar sərhədçi kimi, az qala, hər gün dünyanın bir ölkəsində milli keşik çəkməlidirlər. Hər anı diqqət, sayıqlıq və soyuqqanlıq tələb edən bu təhlükəsizlik işi Münxendə, xüsusən də Vaşinqtonda aydın lövhələrdə əks olundu. Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəisi Fərid Əsgərov bu ordunun komandiri kimi kritik məqamda qəhrəmanlıq göstərdi; dünyanın mərkəzində, Ağ Evin bir addımlığında püskürülən bu zülmət azərbaycanlı təhlükəsizlik əsgərlərinin sayəsində dərhal neytrallaşdırıldı.
Bütün bu hadisələr göstərdi ki, ölkənin təhlükəsizliyi artıq sadəcə fiziki sərhədlərlə ölçülmür; onun möhkəmliyi, davamlılığı və nüfuzu görünməyən, lakin hər an fəaliyyətə hazır olan peşəkar qurumların səmərəliliyi ilə qorunur.
Sərdar Amin
Trend