Seçki ərəfəsində Ermənistan: Revanşizm, sülh və hakimiyyət savaşı - ÖZƏL
17:39 Siyasət"Ermənistan hazırda müstəqillik tarixinin ən ağır və mürəkkəb dövrlərindən birini yaşayır. Ümumilikdə yanaşdıqda demək olar ki, 1991-ci ildə müstəqillik elan edildikdən sonra ölkənin həm ictimai, həm də siyasi həyatında indiki qədər qarmaqarışıq və gərgin mərhələ müşahidə olunmayıb."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"1990-cı illərdə Ermənistan müstəqillik əldə edərkən və Azərbaycana qarşı ərazi iddiaları irəli sürərkən ölkə daxilində əsas siyasi qüvvələr və cəmiyyətin böyük hissəsi hakimiyyətlə eyni xətt üzrə hərəkət edirdi. Azərbaycana qarşı aparılan təcavüzkar siyasət dövlətlə cəmiyyət arasında ciddi fikir ayrılığı yaratmırdı. Lakin 44 günlük müharibədən sonra vəziyyət köklü şəkildə dəyişdi.
Hazırda Ermənistanda bir neçə fərqli siyasi xətt və qüvvə paralel şəkildə mövcuddur:
-
Keçmiş siyasəti davam etdirmək və revanşist mövqedən çıxış etmək istəyən millətçi dairələr;
-
Azərbaycanla sülh şəraitində yaşamağın tərəfdarı olan cəmiyyətin müəyyən hissəsi;
-
Ermənistanı yeni inkişaf mərhələsinə çıxarmağa çalışan hakimiyyət, xüsusilə Nikol Paşinyan rəhbərliyi;
-
Xarici təsir amilləri, xüsusilə də Rusiya və digər dövlətlərin Ermənistanın daxili proseslərinə təsir göstərmək cəhdləri.
Bu çoxşaxəli və ziddiyyətli təsirlər nəticəsində ölkədə siyasi qarşıdurma əvvəlki illərlə müqayisədə daha açıq və kəskin formada özünü göstərir. Siyasi qüvvələr faktiki olaraq qarşı-qarşıya dayanıb. Ermənistanın əvvəlki kursuna qayıtmasını istəyən dairələr də var, yeni mərhələyə keçidi dəstəkləyənlər də. Azərbaycanla sülh tərəfdarları olduğu kimi, yenidən qarşıdurma xəttini gücləndirmək istəyən qüvvələr də mövcuddur.
Bu mənzərəyə seçki faktorunu da əlavə etdikdə, ölkənin olduqca gərgin və qeyri-müəyyən bir mərhələnin astanasında olduğu görünür. Belə şəraitdə Paşinyana qarşı həm siyasi təzyiq və hakimiyyət dəyişikliyi cəhdləri, həm də daha sərt ssenarilər - o cümlədən dövlət çevrilişi təşəbbüsləri ehtimaldan kənar deyil. Bu proseslərin necə nəticələnəcəyi isə hələlik açıq sual olaraq qalır.
Bununla belə, Paşinyanın mövqeyini gücləndirən amillər də mövcuddur. Xüsusilə Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması, ABŞ-la münasibətlərin inkişafı, eləcə də Azərbaycanla sülh perspektivinin ölkəyə verə biləcəyi siyasi və iqtisadi dividendlər onun seçkilərdə üstünlük qazanmaq şansını artırır.
Ümumilikdə isə vəziyyət hələ də qeyri-müəyyəndir. Əgər Paşinyan bu mərhələdə seçkilərdə qalib gələ bilsə, bu, həm onun siyasi mövqeyini möhkəmləndirə, həm də Ermənistanı keyfiyyətcə yeni bir inkişaf mərhələsinə çıxara bilər."
İbrahim Məmmədli