Bu, bir daha anti-milli ünsürlərin dağıdıcı fəaliyyətini göstərir - ÖZƏL
17:07 Siyasət"Əlbəttə ki, hər bir dövlət öz ərazisində olan şəxslərin, xüsusilə də xarici ölkə rəhbərlərinin təhlükəsizliyini təmin etməyə borcludur. Bu baxımdan ABŞ-a irad bildirmək üçün əsas görmürəm.Prezident İlham Əliyevin mühafizəsi ABŞ polisi ilə koordinasiyalı şəkildə hərəkət edib və təxribatçıların qarşısı vaxtında alınıb. Yəni ABŞ üzərinə düşən öhdəliyi yerinə yetirib. Eyni zamanda, Azərbaycan tərəfinin mühafizə xidməti də kifayət qədər diqqətli, operativ və peşəkar davranaraq mümkün təxribatın qarşısını alıb."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Hadisənin baş verməsinə gəldikdə isə, bu, bir daha anti-milli ünsürlərin dağıdıcı fəaliyyətini göstərir. Heç vaxt heç kimə etiraz etmək, fikir bildirmək və ya insan haqları ilə bağlı mövqeyini ifadə etmək qadağan edilməyib - bu, hər kəsin hüququdur. Lakin prezidentin qaldığı otelə zorla daxil olmağa cəhd göstərmək, təhqiramiz ifadələr işlətmək və ABŞ kimi beynəlxalq diqqət mərkəzində olan bir ölkədə anti-Azərbaycan şüarları səsləndirmək artıq sərbəst fikir ifadəsi çərçivəsindən kənardır və həmin şəxslərin əsl niyyətini ortaya qoyur.
Aydındır ki, bu cür addımlar adətən spontan xarakter daşımır. Mənim şəxsi qənaətimə görə, bu qüvvələrin arxasında müəyyən dairələr dayanır və onların istiqamətləndirilməsi Moskvadan qaynaqlana bilər. Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə qarşı bu kimi təxribat cəhdləri əvvəllər də olub və indi də oxşar üsullara əl atıldığı görünür. Lakin hər zamankı kimi bu dəfə də cəhdlər nəticəsiz qaldı.
Azərbaycanın müvafiq qurumları, xüsusilə prezidentin mühafizə xidməti peşəkar davranış nümayiş etdirdi, ABŞ hüquq-mühafizə orqanları da operativ şəkildə dəstək verdi. Nəticədə təxribatın qarşısı alındı və bu hadisə yalnız onu təşkil edənlərin niyyətini və mahiyyətini bir daha ifşa etmiş oldu."
İbrahim Məmmədli