Vüqar Rəhimzadə: Antimilli ünsürlərə ilk dəstəyin erməni lobbisindən gəlməsi əsla təsadüfi deyil

Məlum olduğu kimi,  fevralın 19-da Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak etdi. Prezident İlham Əliyevin Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakı Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi dəyərləndirilir. Bu, eyni zamanda, ölkəmizin  beynəlxalq təhlükəsizlik arxitekturasında oynadığı mühüm rolun, dövlət başçısı İlham Əliyevin beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində  mövqeyinin, söz sahibliyinin möhkəmlənməsini, artan nüfuzunu  həzm edə  bilməyən dairələrin ölkəmizə qarşı müxtəlif platformalardan istifadə edərək atdıqları qərəzli addımlar diqqətdən kənarda qalmır. Ötən gün Vaşinqtonda bir neçə antimilli ünsürün Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribata cəhd etməsi də bunun bariz nümunəsidir. Qeyri-etik davranışları ilə diqqət çəkən və əxlaqsız ifadələr işlədən bir qrup tərbiyəsiz dövlət başçısının qaldığı hotelə soxulmaq istəyiblər.  Nüfuzlu beynəlxalq tədbirin keçirildiyi gün ABŞ-ın paytaxtında təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaq hüquqi məsuliyyət doğuran addımdır. ABŞ polisi və Prezidentin Təhlükəsizlik Xidməti bu insident zamanı yüksək peşəkarlıq nümayiş etdirirərək, çox çevik və koordinasiyalı fəaliyyət ortaya qoyublar.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Vaşinqtonda təxribata cəhd edən antimilli ünsürlər ABŞ-dakı şovinist erməni dairələrinin sifarişləri ilə hərəkət edərək xalqımıza qarşı düşmənçilik edirlər. Erməni diasporunun güclü olduğu ölkələrdən biri ABŞ-dır. Müstəqilliyimizin bərpasının ilk illərində ABŞ yenicə müstəqillik qazanan ölkələrə, o cümlədən Azərbaycana  dəstək göstərmək istəyən zaman ölkəmizə qarşı ədalətsiz "907-ci" düzəlişin tətbiqində də  erməni lobbisinin  rolu inkaredilməzdir. Bu, o zaman idi ki, xarici ölkələrdə Azərbaycan haqqında məlumatsızlıq hökm sürürdü. Həmin vaxt Azərbaycan diasporunun zəifliyi erməni lobbisinin yalan təbliğatlarının ayaq tutub yeriməsini şərtləndirirdi. Lakin bu gün vəziyyət tamamilə fərqlidir.

Vaşinqtonda baş verən təxribatda  antimilli ünsürlərə, xəyanətkarlara ilk dəstək verən də erməni diaspor təşkilatı ANCA oldu. Təsadüfdür? Əsla! Bu təşkilat mütəmadi şəkildə  Azərbaycan dövlətinin əleyhinə fəaliyyətlə məşğuldur. Erməni diaspor təşkilatı bunun üçün ermənipərəst konqresmenlərdən, ələ aldığı media orqanlarından, ABŞ-da lövbər salmış və adını azərbaycanlı qoyan antimilli ünsürlərdən, xəyanətkarlardan  istifadə edir. ANCA-dan dərhal sonra təxribatı dəstəkləyən Azərbaycanın xalqının və dövlətinin qatı düşməni Frenk Pallone oldu. Onun erməni lobbisi tərəfindən maliyyələşdirildiyi, onlar tərəfindən idarə olunduğu, ANCA-dan maaş aldığı sirr deyil. Hələ araşdırılarsa onun da digər ermənipərəst Menendez kimi cinayətlərdə əlinin olmasının üzə çıxacağı şübhəsizdir. ABŞ Konqresində erməni icmasına yaxınlığı ilə tanınan Frank Pallone uzun illərdir Ermənistanla bağlı məsələlərdə aktiv mövqe sərgiləyir. O, keçmiş Qarabağ münaqişəsi dövründə və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bəyanatlarında hər zaman beynəlxalq hüququ tapdalayaraq separatizmi dəstəkləyib, erməni lobbisinin tezislərinə əsaslanıb. Bədnam 907-ci düzəlişin təşəbbüskarı və müəlliflərindən biri də Pallone olub. Xalqımız onun Xocalı soyqırımı ilə bağlı mövqeyini də unutmayıb.

Vüqar Rəhimzadə vurğulayıb ki, Vaşinqtonda təxribata cəhd edən antimilli ünsürləri ilk müdafiə edənlərin ANCA və Pallone olması onların vahid mərkəzdən idarə olunduğunu sübut edir. Antimilli ünsürlər ABŞ-dakı şovinist erməni dairələri ilə əlaqəli şəkildə işləyərək, onların ölkəmizin əleyhinə olan tapşırıqlarını icra ediblər. Pallone kimi ermənipərəstin, ANCA kimi təşkilatların fəaliyyəti birbaşa ölkəmizin maraqlarına qarşı yönəlib. Xəyanətkarların, antimilli ünsürlərin  bu prosesdə iştirakı Azərbaycan xalqında böyük hiddət doğurur. Məqsəd Azərbaycanın artan beynəlxalq nüfuzuna zərbə vurmaq, ölkəyə qarşı təzyiq mexanizmlərini yaratmaq və regionda formalaşmış yeni reallıqları dəyişməyə cəhd etməkdir. Bu rəzillər, xəyanətkarlar erməni lobbisi ilə birlikdə  yeni reallıqlara qarşı çıxır, Ermənistandakı revanşistlərin dəyirmanına su tökürlər. Erməni lobbisi, anti-Azərbaycan dairələr öz ölkəsinə düşmən kəsilən bu antimilli ünsürlərdən öz məqsədləri üçün alət kimi istifadə edirlər.

Millət vəkili bildirib ki, güclü, qüdrətli, qalib  Azərbaycanın bugünkü reallıqları bu cür təxribatçılara tutarlı cavabdır. Qısa zamanda strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-ABŞ münasibətlərini qısqanclıqla qarşılayan dairələrin  belə təxribat cəhdləri onların nə qədər aciz, ən əsası dünyada sabitliyin, təhlükəsizliyin  əleyhinə olduqlarını nümayiş etdirir. Azərbaycan güclü, qüdrətli, müstəqil daxili və xarici siyasət həyata keçirən, milli maraqlarını hər şeydən üstün tutan dövlətdir. Bir daha bu realıq önə çıxır ki,  heç bir qüvvə Azərbaycanın siyasi iradəsinə təsir göstərə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31