Sülh Şurası və böyük güclər: Qafqaz yeni geosiyasi mərhələyə keçir?- ÖZƏL

Azərbaycan və Ermənistan liderlərinin ABŞ rəhbərliyi ilə intensivləşən təmasları -İlham Əliyev və Nikol Paşinyanın Donald Trampla Davosda görüşü, ardınca vitse-prezident Cey Di Vensin Bakı və İrəvana səfərləri və Sülh Şurasının ilk iclasında iştirakı regionda ABŞ-ın rolunun artdığınımı göstərir.  
Sülh Şurasının ilk iclasında iştirakı iki ölkə və bölgə üçün əsas əhəmiyyəti və gözləntilər vəd edir?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
" Burada əsas məsələ ondan ibarətdir ki, hazırda ABŞ Cənubi Qafqazda güclənməkdədir və Rusiyanın geosiyasi mövqeləri zəifləməkdədir. Biz bunu Suriyada, Nepalda, Venesuelada ən son gördük və müxtəlif ərazilərdə bunun yayılmasını müşahidə edirik. Xüsusilə Ukrayna müharibəsi Rusiyanın mənəvi və siyasi imkanlarını məhdudlaşdırır.
Bu da Cənubi Qafqaz ölkələrinə geosiyasi reallıqları qəbul etməyə və ABŞ-la münasibətlərini inkişaf etdirməyə imkan verir. Digər tərəfdən, ABŞ özü də Cənubi Qafqaz məsələlərində maraqlıdır. Donald Tramp xüsusilə dəhliz məsələsi ilə bağlı aktivlik göstərib və bu istiqamətdə münasibətləri inkişaf etdirməyə çalışıb.
Bundan başqa, Azərbaycan rəhbərliyi ilə ABŞ münasibətləri də diqqət çəkir. Biz görürük ki, istər Davosdakı görüş olsun, istər ABŞ-da keçirilən görüşlər olsun, burada ABŞ-ın adı xüsusi çəkilir və Donald Trampın rolu xüsusilə xatırlanır. Sülh Şurasında böyük ölkələrin iştirakı təsadüfi deyil.
Bir tərəfdən, Azərbaycanla İsrailin çox yaxşı münasibətləri var. Digər tərəfdən, Azərbaycanın müsəlman  ölkə olması və bu münaqişədə həm İsraillə, həm də Fələstinlə münasibətlərinin normal olması ona müəyyən mənada neytral vasitəçilik statusu qazandıra bilər.
İkinci tərəfdən isə məsələ ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh münasibətlərinin qurulması bütövlükdə Qafqazda sülhün möhkəmlənməsinə gətirib çıxara bilər. Tramp çalışır ki, Sülh Şurasını genişləndirsin və prosesi yeni mərhələyə daşısın.
Bundan başqa, ABŞ-ın vitse-prezidenti Vensin son səfərində gördük ki, həm Azərbaycanla, həm də Ermənistanla müəyyən strateji məsələlərdə əməkdaşlıq müzakirə olunur. ABŞ bölgəyə xüsusi investisiyalar qoymaq istəyir, hətta hərbi yardım məsələləri də nəzərdən keçirilir.
Tramp göstərir ki, ABŞ Cənubi Qafqazda möhkəmlənməyə çalışır və Rusiyanın təsirinin azaldığı bölgədə müəyyən şəkildə mövqe tutmaq istəyir. Əlbəttə, bu bir tərəfdən ABŞ-ın bölgədə güclənməsi deməkdir. Amma digər tərəfdən nəzərə alsaq ki, Rusiya ABŞ-ın bölgədə möhkəmlənmək istəyini qəbul etməyəcək, bu da gələcəkdə müəyyən gərginliklərin artmasına səbəb ola bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31