Cənubi Qafqazın aparıcı dövləti və qlobal güc: Bakı-Vaşinqton əməkdaşlığı- ÖZƏL

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda səfərdədir. Səfər çərçivəsində dövlət başçısı American Israel Public Affairs Committee-in icraçı direktoru Elliot Brandt ilə görüşüb. Görüşdə Azərbaycanda dini tolerantlıq mühiti və yəhudi icmasına göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib.
Eyni zamanda, bir müddət əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri və "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının əhəmiyyəti vurğulanıb. Sənəddə ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiya da prioritet istiqamətlər kimi müəyyən edilib.

Bu səfər Azərbaycan-ABŞ münasibətlərinə hansı yeni impulsu verə bilər? Azərbaycanın çoxşaxəli xarici siyasət kursu fonunda ABŞ-la münasibətlərin dərinləşməsi ölkənin beynəlxalq mövqeyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Xəyal Bəşirov Olaylar.az-a açıqlama verib: 
"Məlum olduğu kimi, Prezident İlham Əliyev Davosda imzaladığı Sülh Şurasının təsisçi üzvlərindən biri olan Azərbaycan dövlətinin rəhbəri kimi ABŞ Prezidenti Donald Tramp tərəfindən Sülh Şurasının 19 fevral 2026-cı il tarixdə keçirilən ilk iclasına rəsmi dəvət alıb. Orada artıq yüksək səviyyəli görüş də keçirilir, Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinə toxunub. Azərbaycan ərazisində bu gün dünyada bir çox ölkələrdə olmayan tolerantlıq mühiti mövcuddur. Etnik mənsubiyyətindən, dini inancından asılı olmayaraq insanların dövlət qayğısı ilə əhatə olunması və harmoniya şəraitində yaşamaları daim qeyd olunub. Azərbaycan yəhudi, xristian, islam və digər dinlərə sitayiş edən insanların rahat şəkildə yaşadığı və dini inanclarını sərbəst həyata keçirdikləri bir dövlətdir. Bu, bu günün mövzusu deyil. Təbii ki, həmişə Azərbaycan Prezidenti ilə görüşlər keçirilərkən, müvafiq mövzular müzakirə olunarkən bu məsələlərə toxunulub. Düşünürəm ki, Azərbaycanın bu nümunəsi dünyada digər dövlətlər üçün örnək kimi istifadə edilməlidir, bu təcrübə nümunə kimi qəbul olunmalıdır.
Bu səfər və ümumiyyətlə son aylar ərzində -ötən il və bu il Azərbaycanla ABŞ arasında keçirilən görüşlər, aparılan danışıqlar və digər təmaslar göstərir ki, ABŞ-Azərbaycan münasibətləri tarixdə ən yüksək səviyyədədir. Bu baxımdan hesab edirəm ki, Cey Di Vensin ABŞ-ın vitse-prezidenti kimi Azərbaycana səfər etməsi və bu səfər zamanı ABŞ ilə Azərbaycan arasında planlaşdırılan strateji tərəfdaşlıq xartiyasının imzalanması bundan sonra münasibətlərin yol xəritəsini təşkil edəcək.
Mütləq şəkildə qeyd olunmalıdır ki, bu gün Cənubi Qafqazın aparıcı dövləti kimi Azərbaycanın dünyanın ən güclü dövləti olan ABŞ ilə qarşılıqlı münasibətləri və əməkdaşlığı inkişaf etdirməsi həm Azərbaycan xalqının, həm də ABŞ xalqının maraqlarına xidmət edəcək. Eyni zamanda bu, Azərbaycanın regionda və qonşu ərazilərdə nüfuzunun artmasına, qlobal səviyyədə baş verən proseslərdə daha aktiv iştirakına şərait yaradacaq.
Hesab edirəm ki, burada dövlətlərarası münasibətlərdə 907-ci düzəlişin tam ləğv edilməsi, təhlükəsizlik, enerji, süni intellekt, yeni dünya trendlərinin tətbiqi, enerji resursları ilə bağlı məsələlər və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi artıq bir zərurətə və reallığa çevrilib. Bu baxımdan hesab edirəm ki, bu münasibətlər, qarşılıqlı səfərlər və təmaslar Azərbaycanın xarici siyasətinin əldə etdiyi ən uğurlu nəticələrdən biri kimi qiymətləndirilməlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31