Moskvanın "suverenlik" xəbərdarlığı: Rusiya sülh prosesinə mane ola bilərmi? – ÖZƏL
20 Fevral 14:52 SiyasətAzərbaycan və Ermənistan liderlərinin ABŞ rəhbərliyi ilə intensivləşən təmasları - Davosda Tramp ilə görüş, vitse-prezident Vensin regiona səfəri və Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası sülh prosesində yeni mərhələnin göstəricisidir.
Lakin Qərbin bu aktivliyi Moskvanı ciddi narahat edir. Rusiya XİN başçısının müavini Mixail Qaluzin açıq xəbərdarlıq edərək bildirib ki, keçmiş SSRİ ölkələrinin suverenliklərini Qərbə "təslim etməsi" Rusiyanın maraqlarına birbaşa təhlükə yaradır.
Mövzu ilə bağlı siyasi ekspert Şakir Ağayev Olaylar.az-a danışıb. Ekspert bildirib ki, Azərbaycan və Ermənistan liderləri bu proseslər üzrə 8 avqust Vaşinqton bəyanatına qədər artıq müəyyən razılaşmalara nail olmuşdular, ölkə başçımızın da qeyd etdiyi kimi, biz Ermənistanla faktiki sülh şəraitində yaşayırıq. Hüquqi baxımdan isə Ermənistan Konstitusiyasında müvafiq maddəyə dəyişiklik edildikdən sonra sülh müqaviləsinin bağlanması mümkün olacaq. Bundan sonra iki ölkə arasında iqtisadi və ticari münasibətlərin bərpası da reallaşa bilər. Delimitasiya və demarkasiya prosesi artıq aktiv mərhələyə keçib. Bu istiqamətdə müəyyən nəticələr əldə olunub və normal münasibətlərin bərpası prosesi gedir.
"Hesab edirəm ki, Ermənistan Konstitusiyasında dəyişiklik edildikdən sonra sülh müqaviləsi hüquqi qüvvə alacaq və bunun ardınca diplomatik münasibətlərin qurulması üçün real imkan yaranacaq. Proses artıq başlayıb və düşünmürəm ki, hansısa ciddi maneə ortaya çıxsın. Birincisi, Azərbaycan və Ermənistan bu məsələləri artıq ikitərəfli formatda müzakirə etməyə başlayıblar. Yəni 8 avqusta qədər də tərəflər birbaşa dialoq yolu ilə irəliləyiş əldə edirdilər. Əvvəldən düzgün yol seçilərək vasitəçisiz formatda danışıqlar aparılması daha məqsədəuyğun hesab olunurdu. Çünki hər bir vasitəçinin öz maraqları var və bu maraqlar təmin olunmadıqda sülh prosesinə maneələr yarana bilər. İki tərəf birbaşa oturduqda isə proses daha normal və real şəkildə irəliləyir ki, bu gün biz bunun nəticələrini görürük", - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, Moskvanın hazırkı mərhələdə bu proseslərə ciddi təsir imkanları demək olar ki, məhduddur. Mexanizm artıq işə düşüb və işləyir. Rusiya hazırda Ukrayna müharibəsi, sanksiyalar və digər daxili-xarici problemlərlə məşğuldur. Bu səbəbdən də sülh prosesinə hər hansı ciddi maneə törətməsi ehtimalı azdır. Azərbaycanın siyasi iradəsi ortadadır. Ölkə müstəqil xarici siyasət yürüdür, öz milli maraqlarını əsas götürərək addımlar atır və bu istiqamətdə geri çəkilmək niyyəti yoxdur.
Ermənistanda isə müəyyən asılılıqlar mövcuddur - həm iqtisadi, həm də bəzi hallarda siyasi asılılıq. Eyni zamanda iyun ayında orada seçkilər keçiriləcək. Seçki prosesinə qədər müəyyən addımların atılması və ya prosesə təsir cəhdlərinin olması mümkündür. Lakin seçki amili sülh prosesinə həlledici təsir göstərməyəcək. Çünki Ermənistan cəmiyyəti də müharibədən yorulub. Əgər Paşinyan yenidən qalib gələrsə, prosesin daha ardıcıl və davamlı şəkildə irəliləməsi ehtimalı yüksəkdir. Ermənistan daxilindən təsir imkanları əsasən seçkilər vasitəsilə ola bilər. Bunun necə nəticələnəcəyini isə zaman göstərəcək.
Lamiyə Cəbrayılova