"Cənubi Qafqazda formalaşan yeni reallıqlar davamlı sülhün zəmanətidir" – ŞƏRH – ÖZƏL
14:35 Siyasət"Azərbaycan Prezidentinin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşıb. Bu reallıqların əsası 44 günlük Vətən müharibəsindən sonra qoyuldu. Azərbaycan həm de-fakto, həm də de-yure öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda yeni sabitlik mərhələsi başlandı və fərqli iqtisadi-siyasi situasiya yarandı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan Prezidenti həm regional, həm də geosiyasi baxımdan müxtəlif güclərin maraqlarını uzlaşdırmaq siyasəti yürüdür. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçməsi və iki dövlət arasında sülh sazişinin mətninin razılaşdırılması faktı artıq təsdiqlənib. Bu gün Cənubi Qafqazda yaranmış sabitlik qlobal güclərin maraqlarının uzlaşdırılmasına da şərait yaradıb. Müharibədən sonra gündəmə gələn Zəngəzur dəhlizi məsələsi də məhz bu yeni reallığın bariz nümunəsidir.
Ekspert qeyd edib ki, ABŞ-nin Cənubi Qafqazda maraqları mövcuddur. Bayden administrasiyası dövründə bu maraqlar daha çox siyasi təzyiq mexanizmləri ilə müşahidə olunurdusa, Trampın hakimiyyətə qayıdışı ilə maraqların daha çox iqtisadi müstəvidə uzlaşdırılması tendensiyası diqqət çəkir. Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin təmasları və görüşləri münasibətlərin normallaşmasına doğru atılan addımların bariz göstəricisidir.
ABŞ-nin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin təmaslarının baş tutması və ortaq variantların müzakirə olunması Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. 8 avqust razılaşmasından sonra ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı marağını açıq şəkildə nümayiş etdirməsi və bu razılaşmanın Ermənistan tərəfindən müsbət qarşılanması bölgədə yeni vəziyyət formalaşdırıb. Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin istər ABŞ-də, istərsə də digər platformalarda görüşməsi ümumi işin xeyrinədir və qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir. Həm iqtisadi, həm də siyasi baxımdan aparılan fikir mübadiləsi sabitliyin möhkəmlənməsinə təsir göstərən əsas amillərdəndir.
"Azərbaycan Prezidentinin formalaşdırdığı yeni reallıqlar regional və geosiyasi maraqların uzlaşdırılmasına əsaslanır. Bu maraqların uzlaşdırılması isə bölgədə sabitliyin möhkəmlənməsinə və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır. Yeni düzəndə istər sülh platformalarında, istərsə də digər beynəlxalq formatlarda Azərbaycan və Ermənistan rəhbərlərinin bir araya gəlməsi ümumi işin xeyrinədir və hər iki dövlət arasında qarşılıqlı əməkdaşlığın genişlənməsi Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasına xidmət edir", - deyə A. Məsiyev əlavə edib.
Lamiyə Cəbrayılova