Azərbaycanın Mərkəzi Bankı ehtiyatlı pul-kredit siyasətini qoruyub saxlayacaq - "Fitch Solutions"
13:45 SiyasətAzərbaycan Mərkəzi Bankı ehtiyatlı pul-kredit siyasətini qoruyub saxlayacaq.
Trend xəbər verir ki, bu barədə "Fitch Solutions" qrupuna daxil olan "BMI" şirkətinin hesabatında qeyd olunub.
Şirkətin analitikləri 2026-cı ildə Azərbaycanda inflyasiya səviyyəsinin mülayim şəkildə aşağı düşəcəyini gözləyirlər. Proqnoza əsasən, illik inflyasiya 2025-ci ildəki 5,6 faizdən azalaraq 2026-cı ilin sonuna 5,0 faiz təşkil edəcək ki, bu da inflyasiya səviyyəsinin Azərbaycan Mərkəzi Bankının hədəf diapazonu çərçivəsində qalmasına imkan verəcək.
"Hərçənd artım riskləri qalmaqdadır, belə ki, bu xüsusilə Rusiyadan ərzaq ixracına təsir göstərən sanksiyalarla bağlı geosiyasi gərginlik və təchizat zəncirlərindəki pozuntularla əlaqədardır. Bu risklərə cavab olaraq, Mərkəzi Bankın ehtiyatlı pul-kredit siyasətini davam etdirəcəyi, əsas faiz dərəcəsini tədricən 2026-cı ilin sonuna qədər mövcud 6,5 faiz səviyyəsindən 6 faizə endirəcəyi gözlənilir. Manatın məzənnəsi ciddi şəkildə idarə olunacaq və 1 ABŞ dolları üçün 1,70 AZN səviyyəsində sabit saxlanılacaq ki, bu da hakimiyyətin milli valyutanın sabitliyinə uzunmüddətli sadiqliyini əks etdirir", - hesabatda bildirilir.
Proqnoza görə, 2026-cı ildə fiskal siyasət büdcənin neft gəlirlərindən asılılığının mərhələli şəkildə azaldılmasına yönəlmiş mühafizəkar yanaşma əsasında qurulacaq.
"2025-ci ilin göstəricisinə təxminən uyğun olaraq, hökumət büdcə kəsirinin ÜDM-in təxminən 1,9 faizi səviyyəsində olacağını gözləyir. Büdcə gəlirləri və xərcləri əvvəlki illə müqayisədə cəmi 0,7 faiz artacaq ki, bu da neft bazarındakı qeyri-müəyyənlik fonunda məqsədli şəkildə məhdudlaşdırmanı əks etdirir. Xüsusi diqqət qeyri-neft gəlirlərinin payının artırılmasına yönəldilir; proqnozlara əsasən, 2026-cı ildə bu gəlirlər iki rəqəmli templərlə artacaq və ümumi gəlirlərin 57 faizindən çoxunu təşkil edəcək", - deyə analitiklər vurğulayıblar.
Eyni zamanda, proqnozlara görə, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (SOFAZ) transfertlər 11 faiz azalacaq ki, bu da uzunmüddətli fiskal dayanıqlığa mərhələli keçidi göstərir.
Enerji daşıyıcılarının Avropaya ixracının artmasına baxmayaraq, "Fitch Solutions" cari əməliyyatlar hesabının profisitinin əhəmiyyətli dərəcədə azalacağını gözləyir - 2024-cü ildəki 5,0 faizdən 2025-ci ildə 2,6 faizə və 2026-cı ildə 2,5 faizə qədər: "Əsas ixrac gəlirləri yenə də neft və qazdan formalaşacaq və onların payı ümumi ixrac gəlirlərinin 80 faizindən çox olacaq".