Xəzər dənizində mühüm yenilik: Pentaqon Bakı ilə nə razılaşdırıb?
13:36 SiyasətABŞ-ın Bakıya göndərəcəyi hərbi texnika, xüsusilə sahil-mühafizə qayıqları regionda maraq doğurur. Bu texnikanın Azərbaycanın Xəzər dənizi sərhədlərində təhlükəsizliyin təmin olunmasında mühüm rol oynacağı vurğulanır.
Analitiklərin fikrincə, bu hərbi dəstək yalnız Rusiya və İranın potensial təhdidlərinə qarşı deyil atılmış bir addım deyil. Eyni zamanda Pentaqonun Xəzərdə strateji maraqlarını gücləndirmək məqsədi daşıya bilər. Maraqlıdır ki, ABŞ daha əvvəl də bu tip katerləri Azərbaycana göndərmişdi.
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycan həmişə müstəqil ölkə olaraq hərbi və texniki potensialını artırmağa çalışır.
"İkinci Qarabağ müharibəsində qalib gəlsək, ərazi bütövlüyümüzü təmin etsək də, silah və texnika arsenalının genişləndirilməsi davam edir. Bu, Azərbaycanın mövcud güc potensialını qoruyub saxlamaq istədiyini göstərir.
Cənubi Qafqaz həssas bir regiondur. Burada sülh üçün vəziyyət çox kövrəkdir. Azərbaycan ilə ABŞ arasındakı əlaqələrin möhkəmlənməsi, 907-ci düzəlişin ləğvi istiqamətində atılan addımlar, strateji tərəfdaşlıq xarakteri daşıyan görüşlər və əlaqələr iki ölkə münasibətləri tarixində hələ belə intensiv olmamışdı.
Hesab edirəm ki, ABŞ-dan alınan qayıqlar Bakı tərəfindən İran və Rusiya ilə qarşıdurma üçün istifadə olunmayacaq. Məsələn, bundan əvvəlki alışda da həmin texnikadan bu ölkələrə qarşı istifadə edilməmişdi. Azərbaycan heç bir ölkə ilə düşmənçilik siyasəti yürütmür və onlardan təhlükə gözləmir".