Rusiya “dost olmayan” ölkələrin müşahidəçilərini Dövlət Duması seçkilərinə dəvət etməyəcək- ÖZƏL

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) "dost olmayan" ölkələrin seçki orqanlarının nümayəndələrini Dövlət Duması seçkilərini izləmək üçün dəvət etməyi planlaşdırmır. Olaylar.az xəbər verir ki,  bu barədə TASS-a MSK üzvü Pavel Andreyev məlumat verib.
Andreyevin sözlərinə görə, "dost olmayan ölkələrdən olan seçki təşkilatçılarını biz dəvət etməyəcəyik. Həmin ölkələrin bir çoxunda ümumiyyətlə müstəqil seçki orqanları yoxdur, seçkiləri daxili işlər nazirliklərinin tərkibindəki departamentlər təşkil edir".
O bildirib ki, komissiya Asiya, Afrika və Latın Amerikası ölkələrinin, eləcə də Serbiyanın seçki orqanlarından olan tərəfdaşlara dəvət göndərməyi planlaşdırır.
"Biz hamı üçün açığıq. Dövlət Duması seçkilərində neçə ölkənin nümayəndəsinin iştirak edəcəyini indidən demək tezdir. Bir çox ölkələrdə öz seçki kampaniyaları ilə tarixlər üst-üstə düşə bilər və ya başqa səbəblər yarana bilər. Şübhəsiz ki, onların Rusiyaya gəlməməsi üçün təzyiqlər də olacaq", - deyə Andreyev qeyd edib.
Qeyd edək ki, 2026-cı ilin payızında Rusiyada Dövlət Dumasının doqquzuncu çağırış deputatlarının seçkiləri keçiriləcək. Səsvermə 20 sentyabra planlaşdırılır. İlk dəfə olaraq seçkilərdə Donbas və Novorossiya sakinlərinin də iştirak edəcəyi bildirilir. Paralel olaraq 39 regionun qanunverici orqanlarına, həmçinin yeddi regionda birbaşa, üç regionda isə parlament vasitəsilə ali vəzifəli şəxslərin seçkiləri keçiriləcək. Ümumilikdə təxminən 23 min mandatın əvəzlənməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31