Azərbaycanın indiki mərhələdə Qəzzada hərbi kontingentlə iştirak etməməsi... ÖZƏL
20 Fevral 12:09 Siyasət"Baxmayaraq ki, həmin ölkələr sırasında adımız hallanırdı, ilin əvvəlində məsələ ilə bağlı Prezident İlham Əliyev tərəfindən səsləndirilən bəyanat mövzuya nöqtə qoymuşdu: "biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik". Bu bəyanat yalnız cari situasiyaya operativ reaksiya deyildi, həm də Azərbaycanın təhlükəsizlik siyasətinin əsas fəlsəfəsinin ifadəsi kimi qiymətləndirilmişdir. Bu yanaşma ölkənin xarici siyasətində praqmatik realizm və milli maraqların prioritetliyi prinsipini bir daha ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Azərbaycanın indiki mərhələdə Qəzzada hərbi kontingentlə iştirak etməməsi strateji baxımdan rasional qərar kimi dəyərləndirilə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası yeni yaradılan və artıq beynəlxalq təşkilata çevrilən Sülh Şurasının qurucularından biri kimi bu platformada aktiv şəkildə iştirak etməkdədir. Belə bir qərar, Azərbaycanın qlobal proseslərdə siyasi-diplomatik platformalarda aktiv iştirakının göstəricisidir. Bu, Bakının ənənəvi olaraq üstünlük verdiyi "siyasi praqmatizm" yanaşmasına uyğun gəlir. Diplomatik təmsilçilik vasitəsilə sülh təşəbbüslərində iştirak etmək, humanitar və siyasi dəstək mexanizmlərini gücləndirmək Azərbaycanın məsuliyyətli aktor kimi beynəlxalq imicini möhkəmləndirir".