İrakli Kobaxidze: “Gürcüstan sanksiya rejiminə ciddi əməl edir” – ÖZƏL
20 Fevral 12:05 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin beynəlxalq sanksiya rejiminə sadiqliyini növbəti dəfə bəyan edib. O bildirib ki, Gürcüstan hakimiyyəti bu məsələdə olduqca ciddi mövqe nümayiş etdirir və sanksiyalardan yan keçmə ilə bağlı iddiaların heç bir əsası yoxdur.
Baş nazir qeyd edib ki, ölkədə silsilə yoxlamalar aparan beynəlxalq tərəfdaşlar Gürcüstanın şəffaf fəaliyyətini təsdiqləyiblər: ABŞ, Avropa İttifaqı və Böyük Britaniyadan olan monitorinq missiyaları Gürcüstanda olub. Bütün missiyalar sanksiyaların pozulması ilə bağlı yayılan məlumatların tamamilə spekulyativ olduğunu təsdiqləyiblər.
Kulevi limanı ilə bağlı ittihamlara toxunan Kobaxidze, Avropa strukturlarına bütün lazımi məlumatların ötürüldüyünü vurğulayıb: "Kulevi ilə bağlı məsələ tamamilə aydındır. Biz müvafiq məlumatları Avropa strukturları ilə paylaşmışıq və bu, hər hansı bir pozuntunun olmadığını sübut edir."
Baş nazir sabiq prezident Mixail Saakaşvilinin Kulevi limanına sanksiya tətbiq edilməsi çağırışını ölkə maraqlarına zərbə kimi qiymətləndirib. Kobaxidze bildirib ki, Saakaşvilinin bu mövqeyi onun hələ hakimiyyətdə olduğu dövrlərdən bəri ölkəyə vurduğu ziyanın davamıdır.
Xatırladaq ki, Mixail Saakaşvili sosial şəbəkə hesabında Kulevi limanının Rusiyanın maraqlarına xidmət etdiyini və Ukraynadakı müharibənin maliyyələşdirilməsində rol oynadığını iddia edərək, limana sanksiya tətbiq olunmasını tələb etmişdi.