Bu gün xalqımızın başı uca gəzməsi çoxunun yuxusunu qaçırıb-Deputat

"ABŞ-da səfərdə olan Prezident İlham Əliyevin qaldığı hotelə zorla soxulmağa cəhd edən bir qrup vətən xaininin təxribatçı hərəkətlərinin qarşısını Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları və ABŞ polisi operativ müdaxilə edərək peşəkarcasına alıblar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov bildirib. Deputat qeyd edibki, bu hadisə Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının yüksək səviyyədəki peşəkarlığını və ölkəmizin rəhbərinin təhlükəsizliyinin təmin edilməsi üçün atılan mühüm addımları bir daha nümayiş etdirir: "Dövlət başçısı xarici səfərdə olarkən şəxsi kimliyi ilə deyil, millətin iradəsinin simvolu kimi çıxış edir. O, bayrağımızı, suverenliyimizi və dövlətçiliyimizi təmsil edir. Ona qarşı atılan hər bir təxribatçı addım, əslində, onun təmsil etdiyi xalqa və dövlətə qarşı yönəlmiş hörmətsizlikdir. Çünki dövlət başçısı xarici səfərdə olarkən o, təkcə siyasi fiqur deyil - xalqın iradəsini və dövlətin suverenliyini təmsil edən ali rəmzdir. Ona qarşı yönəlmiş hər hansı planlı hərəkət, əslində, Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdidir. Bu gün Azərbaycan dövlətinin başçısının yürütdüyü müstəqil siyasət, regionda sülh reallıqlarını yaratması, dünyada nüfuz sahibi olması, Münxendə, Vaşinqtonda və digər beynəlxalq platformalarda hörmətlə qarşılanan və sözün çəkisi olan lider olması çoxunu narahat edir. Onlar öyrəşiblər ki, Azərbaycan xalqı torpaqları işğal altında olan, beynəlxalq platformalarda pozulmuş hüquqlarının bərpasına çağırışlar edən və əzilmiş xalq kimi görünsün. Bu gün xalqımızın qalib və başı uca gəzməsi çoxunun yuxusunu qaçırıb".

Azər Badamov qeyd edib ki, bəziləri həmin təxribatçıları radikal müxalifətin nümayəndələri də adlandırır: "Lakin bu təxribatları törədən ünsürlər heç vaxt müxalifət ola bilməz. Müxalifət mübarizəni siyasi meydanda aparar. Amma bu anti-milli satqınlar şovinist erməni dairələrinin və xarici xüsusi xidmət orqanlarının cızdıqları ssenarilərə uyğun hərəkət edirlər. Mən onlara heç azərbaycanlı deməzdim. Satqının nə milləti, nə də vətəni olur. Millətin iradəsinin simvolu, suveren dövlətimizin təmsilçisi olan dövlət başçımıza qarşı edilən hər bir təxribat siyasi təzyiq yox, xalqın ləyaqətinə toxunmaq cəhdidir. Xaricdə müəyyən dairələrin himayəsi altında oturaraq dövlətimizə və millətimizə qarşı düşmən kəsilmiş bu ünsürlər, həm də onları idarə edənlər bilməlidirlər ki, xalqımızın milli birliyini və həmrəyliyini heç kim poza bilməz. Belə təxribat yönümlü hərəkətlər xalqımızı öz Prezidentinin ətrafında daha da sıx birləşdirir və mübariz edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31