“Standard”: Xameneinin oğlu Müctəba Xamnei Vyanada şirkət almağa cəhd edib
20:10 SiyasətSadiq İsabəyli
Avstriyanın nüfuzlu nəşri Der Standard yazır ki, İranın ali rəhbəri *Əli Xamenei*nin oğlu Müctəba Xameneinin iqtisadi fəaliyyəti təkcə İranla məhdudlaşmır və Avropaya, xüsusilə Avstriyaya qədər uzanır.
Qəzetin məlumatına görə, 2024-cü ildə Müctəba Xameneiyə yaxın hesab edilən və Böyük Britaniyada sanksiya altında olan iş adamı vasitəsilə Vyanada yerləşən Blue River Holding şirkətinin alınması üçün danışıqlar aparılıb. Həmin şirkət İranda "Spar" brendinin franşiza hüququna sahib idi.
706 milyon avroluq müqavilə iddiası
"Standard"ın istinad etdiyi sənədlərə əsasən, "Blue River" və bəzi törəmə şirkətlərin satışı üçün ilkin məbləğ 706 milyon avro olaraq göstərilib. Qəzet bu rəqəmi şirkətin real aktivləri ilə müqayisədə "qeyri-adi yüksək" kimi qiymətləndirir və sövdələşmənin arxasında başqa iqtisadi maraqların ola biləcəyini ehtimal edir.
Danışıqlarda İranın keçmiş iqtisadiyyat naziri və Mərkəzi Bankın sabiq rəhbəri *Təhmasib Məzaheri*nin vasitəçi kimi çıxış etdiyi bildirilir. Potensial alıcı tərəf kimi isə iranlı iş adamı və bankir *Əli Ənsari*nin adı çəkilir. O, Britaniyada sanksiya altındadır və bəzi beynəlxalq media qurumları tərəfindən Müctəba Xameneiyə yaxın iqtisadi fiqur kimi təqdim olunub.
"Spar" brendinin geri alınması
Niderlandda yerləşən SPAR International müxtəlif ölkələrdə yerli şirkətlərə öz brendindən istifadə hüququ verir. Lakin 2024-cü ilin sonunda mediada yayımlanan araşdırmalardan sonra "Spar" İran üzrə franşiza hüququnu "Blue River"dən geri alıb.
Brend hüququnun itirilməsi şirkətin bazar dəyərini kəskin şəkildə azaldıb və nəticədə mümkün satış prosesi dayanıb.
Sanksiyalar və siyasi risklər
Müctəba Xamenei 2019-cu ildən ABŞ sanksiyaları altındadır. Avropa İttifaqında onun adı fərdi qaydada siyahıya salınmasa da, İranın nüfuzlu qurumlarından biri olan terror gurplaşması Sepah Pasdaran (İslam İnqilabı Keşikçiləri Korpusu) sanksiya siyahısındadır. Bu isə onunla və ya ona yaxın hesab edilən şəbəkələrlə bağlı istənilən beynəlxalq kommersiya əməliyyatını yüksək riskli edir.
Avstriya - maliyyə əlaqələrində açar nöqtə
"Standard" yazır ki, Avstriya son illərdə İran hakimiyyətinə yaxın çevrələrin maliyyə və kommersiya fəaliyyətlərində mühüm platformaya çevrilib. Şirkətlərin Avropada qeydiyyatı və beynəlxalq brendlərlə əməkdaşlıq, potensial olaraq, siyasi əlaqələri gizlətmək və maliyyə əməliyyatlarını asanlaşdırmaq üçün istifadə oluna bilər.
Hesabatda adı çəkilən şəxslər və tərəflər iddiaların bir qismini rədd ediblər. Bununla belə, araşdırma İran hakimiyyətinə yaxın dairələrin Avropadakı iqtisadi əlaqələri ilə bağlı yeni suallar doğurur.