Bişkek şəhərində Türk Mədəniyyəti və İrsi Fondu Şurasının III iclası keçiriləcək

Türk dünyasının mədəni irsi sahəsində strateji istiqamətlərin müəyyən edilməsini və fəaliyyət planlarının təsdiqini özündə ehtiva edən Türk Mədəniyyəti və İrsi Fondu Şurasının III iclası 27 fevral 2026-cı il tarixində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində, "Ala-Arça" Dövlət iqamətgahı, konfrans zalında keçiriləcək. 

Fonddan verilən məlumata görə, iclac Qırğız Respublikasının sədrliyi, təşkilata üzv ölkələrin Mədəniyyət nazirliklərinin iştirakı ilə baş tutacaq. 

İclasın məqsədi türk dövlətləri başçılarının tapşırıqlarına uyğun olaraq, "Türk Dünyasına Baxış- 2040" sənədi, TURKTIME devizi və Türk dünyası Xartiyası çərçivəsində türk mədəni irsinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində strateji addımların müzakirə edilməsidir. 

Bildiyiniz kimi, Türk Mədəniyyəti və İrsi Fondu Türk dövlətlərinin Başçılarının təşəbbüsü və dəstəyi ilə yaradılmış beynəlxalq təşkilatdır. Fondun əsas məqsədi türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin qorunması, tədqiqi və təşviqi, həmçinin türk ölkələri arasında elmi, nəşr fəaliyyəti və humanitar əməkdaşlığın inkişaf etdirilməsidir. 

İclas çərçivəsində Fondun 2025-ci il üzrə fəaliyyətinin nəticələrinin təqdim olunması, həyata keçirilən layihə və təşəbbüslərin hazırki vəziyyətinin nəzərdən keçirilməsi, həmçinin 2026-2027-ci illər üçün prioritet fəaliyyət istiqamətlərinin müəyyən edilməsi planlaşdırılır. Xüsusilə mədəni irsin qorunması və rəqəmsallaşdırılması, elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, birgə beynəlxalq proqramların həyata keçirilməsi və türk məkanında humanitar dialoqun gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək. 

İclasda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Türk Dövlətləri Təşkilatının Baş katibi, həmçinin Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Türkiyə Respublikası və Özbəkistan Respublikasının mədəniyyət nazirləri və rəsmi nümayəndələri iştirak edəcəklər. 

Türk Mədəniyyəti və İrsi Fondunun Şurasının Qırğız Respublikasında keçiriləcək üçüncü iclası Fond tərəfindən təşkil olunan illik görüşlər ənənəsinin davamıdır. Belə ki, əvvəlki iclaslar Azərbaycan Respublikasında (2024) və Qazaxıstan Respublikasında (2025) keçirilmişdir. Bu iclas Fondun türk dünyası ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi və davamlı qarşılıqlı fəaliyyətin inkişafı istiqamətində öz missiyasını ardıcıl şəkildə həyata keçirdiyini bir daha təsdiqləyir. 

Fonddan bildirildiyinə görə, kütləvi informasiya vasitələrinin nümayəndələrinin akkreditasiyası, yaxud əlavə məlumat əldə etmək üçün aşağıdakı əlaqə vasitələrinə müraciət etmək olar: Türk Mədəniyyəti və İrsi Fondunun tədqiqat üzrə mütəxəssisi - Nazgül Omurzakova 
Tel: +996 995 200 385 (WhatsApp) 

Email: [email protected] 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31