İran düyünü: ABŞ üçün son çıxış yolu hərbi müdaxilədir? -ÖZƏL
17:10 SiyasətCBS News-un məlumatına görə, ABŞ ordusu 21 fevralda İrana mümkün zərbələr endirmək üçün tam hazır vəziyyətə gətirilib və milli təhlükəsizlik rəsmiləri bu barədə Prezident Donald Trump-ı məlumatlandırıblar. Ağ Ev hələ yekun qərar verməyib, Pentaqon isə eskalasiya risklərini nəzərə alaraq bölgədə bəzi hərbçilərin yerini dəyişib.
Vaşinqtonun hərbi hazırlıq siqnalları faktiki zərbə planının göstəricisidir, yoxsa İranı geri addım atmağa vadar edən diplomatik təzyiq alətidir?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Əslində, bu, həm İranı güzəştə getməyə məcbur etmək cəhdidir, həm də bu alınmasa, məcburən artıq İrana müdaxilə ssenarisi üzərində işləniləcək. Yəni indi bu hərbi aktivlik və CBS-in yaydığı məlumatlar ona hesablanıb ki, İran tərəfi məsələnin ciddiliyini anlasın. Yox, əgər anlamasalar, onda öz maraqlarını qorumaq üçün ABŞ-ın, əvvəldə dediyimiz kimi, artıq müdaxilədən başqa bir yolu qalmayacaq.
Çünki əgər ABŞ indi İran hakimiyyətini öz tərəfinə çəkə bilməsə və yaxud da orada dəyişiklik edib, ən azından Qərb-Şərq siyasətində neytral yanaşan bir iqtidar formalaşdıra bilməsə, onda qısa müddət sonra Çin və Rusiya geosiyasi rəqabətdə ABŞ-ı açıq şəkildə geridə qoya bilərlər. Çünki İran kimi potensiallı bir ölkə əgər Çin və Rusiyanın xarici siyasətinə daha faydalı addımlar atır, nəinki Qərbin və ABŞ-ın maraqlarına.
Ona görə də burada hücum versiyası ABŞ üçün ən son variant olsa da, danışıqlar yaxşı bitməsə, İran müəyyən şərtləri qəbul etməsə, onda hərbi müdaxilə artıq ən son variant kimi işə düşə bilər. Əgər hərbi müdaxilə olarsa, o halda böyük ehtimalla İsrail də bu prosesə qoşulacaq. Çünki İsrailin formalaşmaqda olan yeni çoxqütblü dünya nizamında vahid siyasi xətti var. O da Yaxın Şərq siyasətində İranı və Türkiyəni sıxışdırıb çıxarmaq, onları geridə qoyaraq regionun əsas ölkəsinə çevrilmək və çoxqütblü dünyanın siyasi-hərbi güc mərkəzlərindən birinə çevrilməkdir. Hazırda İsrailin bu siyasətinin qarşısında Yaxın Şərqdə əsasən iki dövlət dayanır-Türkiyə və İran. Türkiyə isə son qala hesab olunur, bunu demək olar ki, bütün dünya bilir. Amma Türkiyəyə, yəni o "son qalaya" çatmaq üçün İranın sıradan çıxarılması İsrail baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Ona görə də İsrail ABŞ-ın mümkün hərbi müdaxiləsini fürsət kimi görə və belə bir proses baş verərsə, böyük ehtimalla özü də ona qoşula bilər".
Zeynəb Mustafazadə