Maksimal təzyiq, yoxsa qaçılmaz savaş? – Tramp administrasiyasının İran dilemması – ÖZƏL
16:23 Siyasət"CBS News"un məlumatına görə, ABŞ ordusu bu həftə sonu İrana mümkün zərbələr endirmək üçün tam hazır vəziyyətə gətirilib. Milli təhlükəsizlik rəsmiləri Prezident Donald Trampı hazırlıq barədə məlumatlandırıblar. Ağ Ev hələlik yekun qərar verməyib və eskalasiya risklərini, həmçinin hərbi-siyasi nəticələri qiymətləndirir. Mənbələr əməliyyat vaxtının dəyişə biləcəyini, Pentaqonun isə mümkün cavab zərbələrindən qorunmaq üçün bölgədəki bəzi personalın yerini dəyişdiyini bildirir.
Maraqlıdır, iddialar real hücum xəbərdarlığıdır, yoxsa Tehranı danışıqlara məcbur etmək üçün strateji sızmadır? Mümkün hərbi müdaxiləyə İsrail də qoşula bilərmi?
Mövzu ilə bağlı araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı Olaylar.az-a danışıb. Türkoloq bildirib ki, "CBS Nyus"un yaydığı məlumat, əgər doğrudursa, bu, bəlli proseslərin, ilk növbədə psixoloji-siyasi manevr fazasına daxil olunduğunu göstərir. ABŞ hərbi hazırlığı mediaya sızdıranda, iki məqsəd güdmüş ola bilər: birincisi - rəqibin reaksiyasını ölçmək; ikincisi - diplomatik masada mövqeni sərtləşdirmək. İran məsələsində "tam hazır vəziyyət" ifadəsi birbaşa hücum qərarı saymayanları haqsız çıxarmaq olmaz. Özəlliklə də qərarın hələ Ağ Ev tərəfindən verilmədiyi vurğulanırsa, bu, daha çox təzyiq mexanizminin işə salınması təsiri bağışlayır. Öncə maksimal təzyiq, sonra şərtli dialoq modeli - Donald Trump administrasiyasının siyasi üslubu belə təsir bağışlayır. Pentaqon personalının yerinin dəyişdirilməsi isə hərbi ritorikanın gerçək təhlükə gümanını da nəzərə aldığını göstərir. Çünki İranın mümkün cavab zərbələri bölgə ABŞ bazalarını və müttəfiq infrastrukturunu riskə ata bilər.
"İsrail məsələsinə gəlincə, bu dövlət uzun illərdir İranın hərbi və nüvə potensialını öz milli təhlükəsizliyi üçün birbaşa təhdid sayır. Əgər əməliyyat İranın strateji obyektlərinə yönəlsə, İsrailin ya açıq, ya da koordinasiyalı formada prosesdə iştirakı istisna sayılmır. Beləliklə, bu mərhələdə görünən qaçılmaz müharibə qərarından daha çox strateji siqnaldır. Lakin Yaxın Şərqdə dəngələr kövrəkdir - bir yanlış hesab, bir səhv cavab zərbəsi eskalasiyanı gerçək toqquşmaya çevirə bilər. Diplomatiya hələ qapadılmayıb, amma hərbi kart masanın üstündə açıq saxlanmış kimi görünür...
Bax, bu fonda Polşanın Baş naziri Donald Tuskun İranda olan bütün Polşa vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırması da, əlbəttə, düşündürücüdür: "Bir neçə saatdan sonra Polşa vətəndaşlarını İrandan təxliyə etmək imkanı qalmaya bilər".
Bax, belə durumlar bizi yaxından qayğılandırır; yaxınlıq yalnız coğrafi amillərlə ölçülmür; Arazın o tayındakı milyonlarla soydaşımızın taleyi, respublikamıza gözlənilməz sayda və intensivlikdə qaçqın-məcburi köçkün axını barədə öngörülərə biganə qala bilmərik", - deyə araşdırmaçı-yazar vurğulayıb.
Dövlətimiz zaval görməsin!
Lamiyə Cəbrayılova