Trampdan Əliyevə xüsusi dəvət: ABŞ-da tarixi an yaşanacaq
16:09 Siyasət"Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trumpın dəvəti ilə "Sülh Şurası"nın (Board of Peace) ilk iclasında iştirak etmək üçün Vaşinqtondadır. Fikrimcə, bu, qlobal sülh təşəbbüslərinə Azərbaycan kimi Cənubi Qafqazda önəmli aktor hesab edilən bir dövlətin töhfə verməsi baxımından əhəmiyyətli bir hadisədir".
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Elnur Ənvəroğlu deyib.
Siyasi şərhçi bildirib ki, səfərin məqsədi təkcə şuranın iclası ilə məhdudlaşmır:
"Burada həmçinin Azərbaycan-ABŞ strateji tərəfdaşlığının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin yeni istiqamətdə - texnologiya, süni intellekt, rəqəmsal transformasiya, habelə ənənəvi sahələrdə daha dərindən inkişaf etdirilməsi məqsədləri dayanır. Bu səfər, iqtisadi, təhlükəsizlik və regional sülh təşəbbüslərini ön plana çıxaran daha geniş diplomatik cəhdlərin tərkib hissəsidir.
Xüsusilə Bakı və Vaşinqton arasında "Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması, eyni zamanda qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq sahələri səfərin kontekstində diqqət mərkəzindədir. Bu səbəbdən də dövlət başçısının ABŞ-a səfərini ikitərəfli münasibətlərin yeni səviyyəyə çıxarılması, qlobal sülh təşəbbüslərində daha fəal rol alınması və qarşılıqlı iqtisadi-siyasi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm bir hadisə kimi dəyərləndirərdim".