AZAL təyyarəsi və səfirlik hücumları: Diplomatik münasibətlərdə böhran təhlükəsi- ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyevin Münhendə Kiyevdəki səfirliyimizə edilən hücumlarla bağlı açıqlaması Rusiya mediasında müzakirə olunmaqda davam edir.  Dmitri Solonnikov bildirib ki, Azərbaycan-Rusiya münasibətlərində əsas gərginlik mənbəyi 25 dekabr 2024-cü ildə AZAL-a məxsus təyyarənin vurulmasıdır.  Onun sözlərinə görə, Vladimir Putin 2025-ci ilin oktyabrında Düşənbədə İlham Əliyevlə görüşdə qəzanın səbəblərini izah edib, Ukrayna PUA-sı və Rusiya HHM sistemindəki texniki nasazlığı səbəb kimi göstərib, üzr istəyib və kompensasiya vəd edib. Lakin istintaq materiallarının açıqlanması və məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı verilən söz hələ də yerinə yetirilməyib.
Prezident İlham Əliyev isə bildirib ki, Ukraynadakı hərbi əməliyyatlar zamanı Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyi üç dəfə zərbəyə məruz qalıb. İlk hücumdan sonra Rusiya tərəfinə səfirliyin dəqiq koordinatları təqdim edilsə də, daha iki hücum baş verib. Dövlət başçısı bunu Azərbaycana qarşı qeyri-dost addım kimi qiymətləndirib və bütün addımların diplomatik müstəvidə atıldığını vurğulayıb.

Rusiya tərəfinin istintaq materiallarını hələ də açıqlamaması Azərbaycan-Rusiya münasibətlərində etimad böhranını dərinləşdirə bilərmi? Kiyevdəki diplomatik nümayəndəliyə təkrar hücumların baş verməsi beynəlxalq hüquq baxımından hansı nəticələr doğura bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan bütün qonşuları ilə münasibətlərin səmimi və qarşılıqlı etimada əsaslanmasının tərəfdarıdır. Lakin bəzi hallarda bu yanaşma adekvat siyasi reaksiyalarla müşayiət olunmur.
Xüsusilə AZAL təyyarəsi ilə bağlı məsələdə Rusiya tərəfinin istintaq materiallarını hələ də açıqlamaması bu gün etimad mühitinə mənfi təsir göstərir. Bu vəziyyət müəyyən mənada böhran şəraiti yaradır. Təbii ki, bütün bunlar ölkələr arasında siyasi etimadı azaldır və  münasibətlərə zərər vurur.
Hadisə ilə bağlı üzr istənilməsi və kompensasiya vədinin verilməsi müsbət addım kimi qiymətləndirilsə də, istintaq nəticələrinin açıqlanmaması səmimi münasibətlərdə şübhə yaradır. Bu isə ictimai rəyə mənfi təsir göstərir və diplomatik münasibətlərin soyumasına səbəb ola bilər.
Kiyevdəki diplomatik nümayəndəliyə hücumlarla bağlı beynəlxalq hüquq baxımından qeyd etmək lazımdır ki, səfirliklər tam toxunulmaz statusa malikdir. Hətta hərbi əməliyyatlar şəraitində belə diplomatik obyektlər xüsusi qorunmalı və hədəf alınmamalıdır. Bu cür hallarda beynəlxalq hüququn pozulması iddiaları irəli sürülə bilər.
Eyni zamanda, zərərin kompensasiyası tələbi qaldırıla, məsələ beynəlxalq məhkəmə və ya arbitraj instansiyalarına çıxarıla bilər. Bu isə siyasi-diplomatik münasibətlərdə ciddi gərginliyə gətirib çıxara bilər.
Lakin burada mühüm hüquqi məqam da var. Belə ki, hücumun qəsdən olub-olmaması, hansı şəraitdə baş verməsi, texniki səhv ehtimalı və niyyət faktoru hüquqi qiymətləndirmədə həlledici rol oynayır.
Ümumi qiymətləndirməyə gəldikdə, hazırkı vəziyyət tam diplomatik qırılma mərhələsi kimi xarakterizə olunmur. Lakin şəffaflığın olmaması münasibətlərə mənfi təsir göstərir. Diplomatik obyektlərin təhlükəsizliyi isə prinsipial məsələdir və xüsusi həssaslıq tələb edir.
Proseslərin gələcək inkişafı istintaqın nəticələrinin rəsmi şəkildə açıqlanmasından və məsələnin diplomatik kanallarla həllindən asılıdır. Əgər məsələ hüquqi mexanizmlər və səmimi dialoq vasitəsilə həll olunarsa, münasibətlərin kəskinləşməsinin qarşısı alına bilər. 
Azərbaycan bütün qonşularına qarşı səmimi və konstruktiv addımlar atdığı kimi, eyni yanaşmanı onlardan gözləyir. Hüquqi baxımdan atılmalı olan addımların Rusiya tərəfindən üzərinə götürülərək həll edilməsi münasibətlərin sağlam əsasda davamı üçün vacibdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31