Azərbaycan yeni dünya nizamını formalaşdıran güclər sırasında - ÖZƏL
16:05 Siyasət"Birləşmiş Ştatlar hazırda dünyada alternativsiz, rəqibsiz yeganə qlobal güc kimi çıxış edir və bu qlobal gücün atdığı addımlar, şübhəsiz ki, konkret nəticələrə hesablanıb. Yəni, bu addımlar sadəcə vaxt keçirmək və ya siyasi gündəm yaratmaq məqsədi daşımır. Bu baxımdan, Azərbaycanın da Donald Trampın rəhbərliyi altında qurulmuş Sülh şurasında yer alması ölkəmiz üçün əlavə üstünlükdür. Azərbaycan dövləti dünyanın bir nömrəli qlobal gücü ilə eyni sıradadır və hazırda Prezident İlham Əliyev Sülh şurasının ilk toplantısında iştirak etmək məqsədilə Vaşinqtona səfər edib."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Bu, həm mövqelərimizin möhkəmlənməsi, həm də yeni dünya düzənində Azərbaycanın yer tutması baxımından mühüm əhəmiyyət daşıyır. Dünya yenidən şəkilləndirilir. Bu prosesin nə zaman başa çatacağı barədə dəqiq proqnoz vermək çətindir. Lakin əsas məqam ondan ibarətdir ki, bu şəkilləndirmənin önündə ABŞ və həmin dövlətin rəhbərliyinin təşəbbüsü ilə yaradılmış Sülh şurası dayanır. Həmin şuranın təsis sənədini imzalayan ilk 19 dövlətdən biri də Prezident İlham Əliyevin şəxsində Azərbaycan Respublikasıdır.
Başqa sözlə, biz prosesin arxasınca gedən deyil, onun önündə yer alan tərəflərdən biriyik. Yeni dünya nizamını formalaşdıran qüvvənin ya özüyük, ya da onun tərkib hissəsiyik. Artıq diktə olunan deyil, diktə edən tərəfə çevrilmişik. Bu isə həm dövlətimiz, həm də bütövlükdə Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, yeni yaradılmış Sülh şurasının təsisçiləri arasında Türk Dövlətləri Təşkilatının səkkiz üzvündən beşi təmsil olunur. Azərbaycanla yanaşı, qardaş Türkiyə, Qazaxıstan, Özbəkistan və Macarıstan da həmin şuranın qurucuları sırasındadır. Bu faktın özü də çox məqamdan xəbər verir."
İbrahim Məmmədli