"Azərbaycanın Sülh Şurasındakı iştirakı prinsipial və strateji addımdır" – Samir Hümbətov – ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk zirvə toplantısına qatılıb. Fevralın 19-da Donald Tramp Sülh İnstitutunda baş tutan görüşün əsas gündəliyi Qəzzanın yenidən qurulması üçün maliyyə vəsaitinin toplanmasıdır.

"Sülh Şurası yaradılıb, lakin bunun real, praqmatik nəticələr verəcəyinə böyük ümid bəsləmirəm. Düzdür, hələ ki, şura fəaliyyətə başlamayıb. Təxminən 60-a yaxın dövlət burada bir araya gələcək, müzakirələr aparacaq və müəyyən qərarlar qəbul edəcək. Amma təcrübə göstərir ki, bu cür yanaşmalar hər zaman real nəticələrə gətirib çıxarmır. Çünki tərəflər, xüsusilə 1967-ci il razılaşması çərçivəsində iki dövlətli status məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Fələstin tərəfi geri çəkilmək istəmir, İsrail isə buna imkan vermək istəmir. Yəni tərəflər bu məsələdə razılığa gəlməlidirlər. Əgər buna nail ola bilmirlərsə, o zaman Sülh Şurasına dəvət olunan dövlətlər nə edəcək? Ordu göndərəcəklər? Bu məsələnin strukturu və mexanizmi aydınlaşdırılmalıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Samir Hümbətov deyib. Ekspertin fikrincə, ən doğru yanaşma əvvəlcə şuranın fəaliyyət mexanizmini gözləməkdir: strukturu necə olacaq, hansı səlahiyyətlərə malik olacaq, atacağı addımlar İsrail tərəfindən qəbul ediləcəkmi, yoxsa edilməyəcək? Tərəflər bu təşəbbüsə razılaşacaqlarmı? Bu məqamlar aydınlaşdıqdan sonra daha konkret fikir bildirmək mümkündür.

"Azərbaycanın mövqeyinə gəldikdə isə, hesab edirəm ki, bu addım ölkəmizin beynəlxalq birlikdə ortaya qoyduğu mövqenin nümayişi baxımından müsbət təsir göstərir. Bu, Azərbaycanın prinsipial və balanslı yanaşmasını göstərir və ümumilikdə yaxşı addım kimi qiymətləndirilə bilər. Amma təbii ki, hər addımın riski də var. Müsəlman dünyasının ümumi reaksiyasının necə olacağı, İsrail ilə münasibətlərə bunun təsir edib-etməyəcəyi, region dövlətlərinin mövqeyi - bunlar hələ məlum deyil. Bu risk faktorları nəzərə alınmalıdır. Eyni zamanda, atılan addımların hesablanaraq atıldığını düşünürəm. Yəni bu qərarlar təsadüfi deyil", - deyə siyasi şərhçi əlavə edib.

S. Hümbətov qeyd edib ki, Azərbaycan, öz xarici siyasət kursuna uyğun şəkildə və strateji yanaşma ilə bu prosesdə iştirak edir və hazırkı mərhələdə müsbət imic nümayiş etdirir. Lakin istənilən siyasi qərarın həm müsbət, həm də riskli tərəfləri olur. Ona görə də şuranın ilk iclası və ya sammit keçirildikdən sonra prosesin hansı istiqamətdə inkişaf edəcəyini, mümkün nəticələrin nədən ibarət ola biləcəyini daha dəqiq proqnozlaşdırmaq mümkün olacaq. Hazırkı mərhələdə isə əsas məsələ şuranın keçirilməsi, onun strukturu və fəaliyyət prinsipləri ilə bağlı detalları öyrənməkdir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31