Bakıda məhbuslar məsələsi: Danışıqlara təsir yox, daxili mesaj var- ÖZƏL

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Bakıdakı erməni məhbusların sonuncusu geri qayıdanadək onların qaytarılması ilə bağlı danışıqlar davam edəcək. Onun sözlərinə görə, Azərbaycanla aparılan proses mürəkkəb və çətin olsa da, irəliləyiş üçün imkan yaradır: "Biz təslim olmamalıyıq. Bu istiqamətdə işləyirik və nəticədə hər kəs geri dönəcək".
Qeyd edək ki, separatçıların bir qisminə ömürlük, digərlərinə isə 20 il həbs cəzası verilib və bu qərarlar əsaslı sübutlara əsaslanır.
Ermənistan tərəfinin bu cür açıqlamaları danışıqlar prosesinə real təsir göstərə bilərmi, yoxsa bu daha çox daxili auditoriyaya hesablanmış mesajdır?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Alen Simonyanın Bakıda mühakimə olunan şəxslərlə bağlı verdiyi açıqlamalar daha çox Ermənistan daxili auditoriyasına hesablanmış bir açıqlamadır. Belə ki, Ermənistan seçki ilinə qədəm qoyub və bu seçkilərdə şübhəsiz ki, hakimiyyətə qarşı istifadə olunacaq tezislərdən biri də məhz Bakıda mühakimə olunan cinayətkarlarla bağlı məsələlərdir. Məhz bu baxımdan, Alen Simonyanın açıqlama verməklə cəmiyyətə mesaj çatdırmaq istədiyi budur ki, Ermənistan hökuməti bu məsələlərlə məşğuldur və bu istiqamətdə müəyyən addımlar atır. Ən azı bu mesajla cəmiyyətdən hakimiyyətə olan təzyiqləri azaltmağa çalışır.
Digər bir məsələ ondan ibarətdir ki, Ermənistan həm də əslində bu məsələdən istifadə etməklə beynəlxalq səviyyədə Azərbaycana müəyyən təzyiqlərin göstərilməsini istəyir ki, doğrudan da bu şəxslərin azad edilməsi ilə bağlı Azərbaycana təzyiqlər artsın. 
Şübhəsiz ki, bu da istisna deyil. Ermənistan hökuməti baxmayaraq ki, burada mühakimə olunan şəxslər hazırda Ermənistan hakimiyyətinə müxalifətdədirlər və hakimiyyət tərəfindən müsbət baxılan şəxslər deyillər, amma bütün hallarda bu iki məqam özünü daha çox göstərir: birincisi, daxili auditoriyaya hesablanır, ikincisi isə doğrudan da Azərbaycana beynəlxalq təzyiqlərin təşkili məqsədini güdür.
O ki qaldı  bu tip açıqlamalar Azərbaycan və Ermənistan arasında normallaşma danışıqlarına necə təsir göstərir? Düşünürəm ki, bunun elə bir təsiri yoxdur, çünki Ermənistan tərəfindən bu məsələ danışıqlarda prioritet olaraq ortaya qoyulmur". 
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31