Regionlarda güc mərkəzləri yenidən qurulur- ÖZƏL
14:56 Siyasət"Müxtəlif ölkələrin zaman-zaman istifadə etdiyi "keçid dövrü yaşayırıq" termini var idi. İndi isə dünya həmin ölkələrə yaşatdığı keçid dövrlərini özü yaşayaraq öz keçid dövrünə məruz qalıb. Sistem təkqütblü modeldən çoxqütblü və rəqabətli sistemə doğru gedir. Görünən odur ki, yaxın 10-20 il daha mürəkkəb, daha rəqabətli və daha texnoloji olacaq". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Ramil Hüseynov deyib: " Yeni güc mərkəzləri formalaşır, regionlarda isə güc mərkəzləri demək olar ki, yenidən qurulur. Bir sözlə, təkqütblü dünyadan çoxqütblü dünyaya keçid prosesi başlanılıb. Bu prosesin sonunu izləmək, gözləmək və dövlətimizin milli mənafelərini qorumaq üçün ciddi fəaliyyətin həyata keçirilməsi istiqamətində cənab Prezidentimizin strateji diplomatik hədəfləri sürətlə inkişaf edir. Təbii ki, bu prosesi həyata keçirmək o qədər də asan deyil. Lakin dövlət olaraq liderimizin sayəsində siyasi potensialımızı, iqtisadi potensialımızı və əqli potensialımızı dünyaya töhfə verəcək güc kimi maraqlı ölkələrə qəbul etdirmişik.
Dünyadakı imperialist qüvvələr açıq müharibədən daha çox hibrid müharibə üsullarına üstünlük verdiklərini biruzə verirlər. Lokal müharibələri nəzərə almasaq, informasiya müharibələri, kiberhücumlar, sanksiyalar müharibəsi, enerji və logistik blokadalar müharibəsi qaçılmazdır. Artıq dünyanı idarəetmə metodu əsasən bu üsullarla davam etdiriləcək. Məlumdur ki, böyük dövlətlər birbaşa toqquşmadan qaçır və bundan sonra da qaçacaq. Yeni geosiyasi silahlar və yeni texnologiyalar işə düşür. Enerji və nəqliyyat marşrutları uğrunda mübarizələr artıq başlayıb. Möhtərəm Prezident davamlı və strateji səfərləri ilə Orta Dəhliz layihəsinin perspektivinin vacibliyini düşünən beyinlərdə formalaşdırıb. Bu, bizim üçün təhlükəsiz gələcək, tədarük zəncirimizdir. İmperialist qüvvələr sabitliyə deyil, idarə olunan gərginliklə prosesi aparmaq istəyir. Biz isə öz uğur modelimizi artıq qurmuşuq. Real dünya əvvəlki qədər təhlükəli olmasa da, daha rəqabətli və sərt xarakter aldığı üçün rəqabətə davamlılığımızın təminatı ilə bağlı Prezidentimiz bütün siyasi gücünü və mövqeyini ortaya qoyur. Bu, bizim ən böyük uğurumuz və ən böyük sərvətimizdir. Gələcək tədarük zəncirimizi gəmirməyə çalışanları isə hamımız görməliyik. O gəmiricilərin qurduğu planları alt-üst edən, darmadağın edən siyasi gücümüz daim olsun deyə biz həmişə ölkə başçımızın ətrafında sıx birləşmişik. Regiondan başlayan uğurlarımızın qlobal layihələrə və beynəlxalq münasibətlərə sıçrayışını qəbul etməyən qüvvələrin riyakar cığallıqlarını boğmaq üçün atılan addımlar və görülən tədbirlər heç kimi narahat etməsin. Əksinə, hər kəs əmin və rahat olsun ki, hər şey Azərbaycan üçündür".