Vensin Bakı səfəri və Trampın dəvəti: ABŞ-Azərbaycan münasibətlərində "qızıl dövr" – ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri və orada yüksək səviyyəli görüşləri, beynəlxalq platformalarda iştirakı ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamı kimi qiymətləndirilməlidir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın qlobal siyasi proseslərdə artan rolunun təsdiqi kimi xüsusi əhəmiyyət kəsb edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert, Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib. Ekspert qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən edilən dəvət Azərbaycanın regionda və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak isə Azərbaycanın artıq regional aktor çərçivəsindən çıxaraq qlobal təhlükəsizlik və dialoq platformalarında fəal iştirak edən dövlətə çevrildiyini bir daha nümayiş etdirir.
 
Ekspert əlavə edib ki, səfər ərəfəsində American Israel Public Affairs Committee (AIPAC)-in icraçı direktoru Elliot Brandt ilə keçirilən görüş də mühüm siyasi və ideoloji mesajlar ehtiva edir. Azərbaycanda mövcud olan dini tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dövlət qayğısının yüksək qiymətləndirilməsi Azərbaycanın multikulturalizm modelinin beynəlxalq səviyyədə nüfuzunu artırır. Bu isə ölkəmizin yumşaq güc (soft power) siyasətinin mühüm komponentlərindən biri kimi çıxış edir. Eyni zamanda, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri və "Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması isə iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənəddə ənənəvi enerji və təhlükəsizlik sahələri ilə yanaşı, süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyaların prioritet istiqamətlər kimi müəyyən edilməsi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir.

"Bu baxımdan, hazırkı səfər Azərbaycan-ABŞ münasibətlərinə bir neçə mühüm istiqamətdə yeni impuls verə bilər. Düşünürəm ki, bu səfərdən sonra siyasi dialoqun intensivləşməsi və qarşılıqlı etimadın möhkəmlənməsi müşahidə olunacaq. Digər tərəfdən də iqtisadi əməkdaşlığın, xüsusilə yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlığın genişlənməsi stimullaşır. Daha  mühüm məqam isə təhlükəsizlik və regional sabitlik məsələlərində koordinasiyanın dərinləşməsidir", - deyə B. Quliyev vurğulayıb.

Ekspert bildirib ki, Azərbaycanın çoxşaxəli xarici siyasət kursu fonunda ABŞ ilə münasibətlərin inkişafı ölkənin beynəlxalq mövqeyinə müsbət təsir göstərir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış siyasət yürütməklə həm regional, həm də qlobal miqyasda strateji tərəfdaş statusunu gücləndirir. ABŞ ilə əlaqələrin dərinləşməsi Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onun müstəqil siyasət yürütmək imkanlarını daha da genişləndirir. Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı və yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycanın beynəlxalq sistemdə mövqeyinin möhkəmlənməsinə və qlobal proseslərdə rolunun artmasına xidmət edir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31