Vaşinqton zirvəsi: Azərbaycanın sülhə töhfəsi və geosiyasi rolu- ÖZƏL
14:34 SiyasətABŞ prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir. Görüş fevralın 19-da Donald Tramp Sülh İnstitutunda keçiriləcək və məqsəd Qəzzanın yenidən qurulması üçün vəsait toplamaqdır. Sülh Şurası Trampın təşəbbüsü ilə yaradılıb, Azərbaycan təsisçi üzvdür. Şuranın strukturu ABŞ prezidenti tərəfindən idarə olunur, qərarvermə və sədrlik hüquqları Trampa məxsusdur.
ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurasının Qəzzanın yenidən qurulması prosesinə real təsiri nə qədər ola bilər və bu təşəbbüs regiondakı güc balansına necə təsir göstərə bilər? Azərbaycan kimi təsisçi ölkənin bu şuraya üzvlüyü diplomatik və geosiyasi baxımdan ölkəmizə hansı üstünlüklər və risklər gətirə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Azərbaycanın Sülh Şurasına təsisçi üzv olması ölkəmizin dünyada sülhə böyük önəm verdiyini, həm də sülhün bərqərar olmasına dəstəyini göstərir. Çünki Azərbaycan özü də vaxtilə müharibədən əziyyət çəkib, lakin sonda sülhə nail olub. Eyni zamanda Azərbaycanın sülh təcrübəsi daha çoxdur və bunun mümkün nümunəsini Ermənistan ilə əldə olunmuş sülh prosesində ortaya qoymuşdur. Sülhə real töhfə verə biləcək ölkələrdən biri də məhz Azərbaycandır. Ona görə Qəzzada da sülhə nail olunması, yenidən bərpa məsələlərində öncül ölkələrdən olması təbiidir. Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının iclasında iştirakı, dünyanın böyük güc sahibi olan dövləti ilə belə bir əhəmiyyətli mövzuda Azərbaycanın əməkdaşlığı həm dövlət başçısının həm də dövlətin beynəlxalq nüfuzunu sübut edir. Qəzzanın yenidən qurulması təşəbbüsü önəmli təşəbbüsdür. Bu kimi məsələlərdə Azərbaycanın da iştirakçı olması dünyada sülhə və quruculuğa verilən töhfədir. Regionda ABŞ-ın bu təşəbbüsü üzərindən sülhə töhfə verən ölkələr təbii ki, öz maraqlarını qorumaqla güc balansında da üstünlük əldə etmiş olacaqlar. Azərbaycanın Sülh Şurasına üzvlüyü ölkəmizə yalnız üstünlük gətirə, beynəlxalq aləmdə nüfuzunu artıra və fayda verə bilər. Bu faydalar bir çox sahələrdə özünü büruzə verəcək. Azərbaycanın ABŞ-a yaxınlaşması həm regionda həm də dünyada sülhün bərqərar olması, yeni investisiya, iqtisadi kanalların işə düşməsi və inkişaf baxımından zəruridir. İran və Rusiyanın bundan narahatlığı olsa da mahiyyəti etibarı ilə bu ölkələr üçün sözü gedən əməkdaşlıq heç bir təhdid yaratmır. Ona görə ciddi risklərin olmasını istisna edirəm. Azərbaycanın Sülh Şurasında təmsil olunması diplomatik, geosiyasi məsələlərin dinamik həlli yönündən həllini aktivləşdirəcək. Qəzza probleminin həllində Azərbaycanın rolu ölkəmizə böyük nüfuz qazandıracaq".
Zeynəb Mustafazadə