Avropanın "B planı": ABŞ geri çəkilərsə, Rusiyanı kim dayandıracaq? – ÖZƏL
14:19 Siyasət"Ukrayna uzun müddətdir ki, bu münaqişədə faktiki olaraq tək qalıb. Yəni uzun zamandır Rusiya ilə birbaşa mübarizə aparır və müəyyən mənada həm öz sərhədlərini, həm də Qərbi və Avropanı öz ərazisi daxilində qoruyur. Çünki Rusiya ilə bağlı proseslərə baxdıqda görürük ki, Rusiya-Ukrayna müharibəsi azalmaq və ya bitməyə doğru getmək əvəzinə, əksinə, hərbi əməliyyatlar daha da intensivləşir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Donald Trampın Volodimir Zelenski ilə təmasları və ümumilikdə Birləşmiş Ərəb Əmirliklərində, o cümlədən Dubayda keçirilən görüşlər zamanı ABŞ tərəfindən Ukraynaya təzyiqlərin artdığı hiss olunur. Bu məsələdə Ukrayna bir mənalı şəkildə geri çəkilməməyə çalışır və müəyyən şərtlərlə razılaşmamaqda israr edir. Bunun nəticəsində ABŞ-nin Ukraynaya dəstəyinin azalması və ya münasibətinin dəyişməsi ilə bağlı siqnallar da ortaya çıxır. Məsələ ondan ibarətdir ki, hər iki tərəf - həm Rusiya, həm də Ukrayna - əməliyyatları davam etdirir və bu da münaqişəni səngitmək əvəzinə daha da dərinləşdirir. Alyaskada aparılan danışıqlar, Putinlə Tramp arasında keçirilən görüşlər və mümkün razılaşmalar da real nəticə vermədi. Faktiki olaraq nə Tramp Putinə təsir göstərə bildi, nə də Putinin vədləri Vaşinqton tərəfindən tam etibar qazandı. Nəticədə Rusiya Ukraynaya qarşı müharibəni əvvəlki xətt üzrə davam etdirir. Eyni zamanda Ukraynanın işğal olunmuş ərazilərinin, xüsusilə Donetsk və Luqansk istiqamətlərində Rusiyaya verilməsi məsələsi gündəmə gələndə, Kiyev bu variantı qəti şəkildə rədd edir. Bu da müharibənin dayanmasını çətinləşdirir.
"Bugünkü şəraitdə Avropa artıq təkcə Ukraynanı deyil, daha çox öz təhlükəsizliyini düşünməyə başlayıb. Bir sıra Avropa ölkələri - Almaniya, Böyük Britaniya və Fransa başda olmaqla - silahlanmanın artırılması, müdafiə xərclərinin yüksəldilməsi və gələcəkdə Rusiyadan gələ biləcək təhlükələrə qarşı hazırlıq məsələlərini müzakirə edirlər. NATO çərçivəsində ayrılan vəsaitlərin artırılması, hərbi təlimlərin intensivləşdirilməsi və Avropa ölkələrinin öz ordularının gücləndirilməsi istiqamətində addımlar atılır. Məsələn, Almaniya artıq müdafiə siyasətində dəyişikliklər edəcəyini bəyan edib və NATO çərçivəsində keçirilən təlimlər də bunu göstərir. Fransa prezidenti Emmanuel Makron da açıq şəkildə bildirib ki, ABŞ əvvəlki kimi Qərbi qorumaq niyyətində olmaya bilər. Bu isə Avropa-ABŞ münasibətlərində müəyyən gərginlik yaradır", - deyə siyasi şərhçi vurğulayıb.
Ekspert qeyd edib ki, Avropa bir tərəfdən Ukraynaya yardım göstərərək Rusiyanı Ukrayna ərazisində "saxlamağa" çalışır, digər tərəfdən isə müharibənin öz torpaqlarına keçə biləcəyi ehtimalını nəzərə alaraq daxili təhlükəsizlik və hərbi potensialını artırmağa başlayır. Çünki artıq Vaşinqtonun əvvəlki səviyyədə təhlükəsizlik zəmanəti verib-verməyəcəyi ilə bağlı suallar var. Nəticədə Ukrayna həm Avropa, həm də ABŞ üçün ciddi siyasi və təhlükəsizlik problemi olaraq qalır. Rusiya isə geri çəkilmək niyyətində deyil və istədiyi nəticələri əldə etmədən müharibəni dayandıracağı inandırıcı görünmür. Bu baxımdan, danışıqlar davam etsə belə, yaxın perspektivdə tam və dayanıqlı sülhə nail olmaq olduqca çətin görünür.
Lamiyə Cəbrayılova