Arktikada "Avropa qütbü": Fon der Leyenin planı ABŞ-nin maraqlarına zərbədirmi? – ÖZƏL

"Qrenlandiya məsələsi artıq təkcə Danimarka ilə ABŞ arasında münasibətlər çərçivəsindən çıxaraq, bütövlükdə Avropa ilə Amerika arasında geosiyasi müzakirə və müəyyən mənada hesablaşma mövzusuna çevrilib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu məsələdə Avropa İttifaqı da açıq şəkildə mövqe ortaya qoyur. Konkret olaraq, Brüssel faktiki olaraq Avropanın adından danışır və məsələni ümumi Avropa maraqları kontekstində qiymətləndirir. Məsələ təkcə ABŞ ilə münasibətlərlə məhdudlaşmır. Eyni zamanda Şimal qütbü istiqamətində artan rəqabət fonunda Rusiya və Çinə də mesaj verilir ki, Qrenlandiyadan imtina olunmayacaq və bu ərazi hər hansı təhlükə və ya təhdid yaranacağı təqdirdə diqqət mərkəzində saxlanılacaq. Digər tərəfdən, Danimarka bu məsələdə Avropa İttifaqının dəstəyinə ehtiyacı olduğunu açıq şəkildə bəyan etdi və İttifaq da bu dəstəyi ifadə etdi. Bu, müəyyən mənada həm prinsipial, həm də siyasi reputasiya məsələsidir. Doğrudur, ABŞ Avropanın müttəfiqidir. Lakin indiki ABŞ administrasiyasının siyasəti əvvəlki dövrlərlə müqayisədə müəyyən fərqlər nümayiş etdirir və bəzən Avropadan müəyyən qədər uzaqlaşma meyilləri hiss olunur. Görünür ki, Avropa İttifaqı da artıq bu kimi məsələlərdə geri çəkilmək istəmir. ABŞ ilə münasibətləri bir kənara qoyaraq, ada üzərində öz geosiyasi maraqlarını açıq şəkildə ifadə edir.

"Qrenlandiyaya yönəldilən investisiyalar da yalnız siyasi mesaj xarakteri daşımır. Bu, həm yerli əhali üçün yeni iş yerləri və sosial təminatlar deməkdir, həm də Avropa İttifaqının orada infrastruktur və iqtisadi mövcudluğunun gücləndirilməsi anlamına gəlir. Beləliklə, Avropa İttifaqı faktiki olaraq ABŞ-yə mesaj verir ki, Qrenlandiyada necə ki, Amerikanın maraqları var, eyni şəkildə Avropanın da maraqları mövcuddur. Nəzərə almaq lazımdır ki, Qrenlandiya zəngin təbii ehtiyatlara malik ərazi hesab olunur. Burada faydalı qazıntılar, neft-qaz yataqları və nadir torpaq elementləri mövcuddur. Bundan əlavə, iqlim dəyişiklikləri nəticəsində Şimal qütbündə açılan yeni dəniz yolları da Qrenlandiyanın strateji əhəmiyyətini artırır. Bu baxımdan, Qrenlandiya Avropa İttifaqı üçün təkcə iqtisadi deyil, həm də hərbi-siyasi baxımdan strateji ərazidir. İttifaq bu məsələ ilə həm öz geosiyasi maraqlarını, həm də formalaşmaqda olan yeni dünya düzənində ayrıca bir qütb kimi mövqeyini gücləndirmək niyyətini nümayiş etdirir", - deyə ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, bu ərazilərə qoyulan investisiyaların Avropa İttifaqı üçün müəyyən iqtisadi dividendlər və strateji üstünlüklər vəd etdiyi də aydındır. Görünür ki, İttifaq bu imkanlardan imtina etmək niyyətində deyil. Burada həm investisiya faktoru, həm də Avropanın təhlükəsizliyi baxımından Qrenlandiyanın əhəmiyyəti ön plana çıxır. ABŞ öz maraqlarında israrlı olduğu kimi, Avropa İttifaqı da öz maraqlarını açıq şəkildə və prinsipial mövqedən müdafiə etdiyini göstərmək istəyir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31