Azərbaycan beynəlxalq nizamın formalaşdırılmasının birbaşa iştirakçısıdır - ÖZƏL

"Azərbaycan-ABŞ münasibətlərində gözlə görünən irəliləyişə, əhəmiyyətli nəticələr əldə edilən perioda şahidlik edirik. Donald Tramp özündən əvvəlki administrasiyadan tamamilə fərqli bir yanaşma ortaya qoyaraq Azərbaycanla münasibətlərə olduqca böyük önəm verir. Vaxtilə Azərbaycana qarşı münasibətdə qərəzli qətnamələr qəbul edilir və təzyiq göstərilməyə çalışılırdısa, indi bu yanaşmadan uzaq bir yanaşmanın şahidiyik." Bu  sözləri  Olaylar.az-a  açıqlamasında  Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:"
Bayden hakimiyyəti ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşı həssaslıq nümayiş etdirərkən Azərbaycanla bağlı bu amili görməzdən gəlirdi. Bu isə heç şübhəsiz ki, özünü demokratiya carçısı kimi təqdim edən bir dövlətin imicinə uyğun yanaşma deyildi. Belə olan məqamda, təbii ki, ikili standartlar daha da üzə çıxırdı. Azərbaycan da açıq şəkildə öz mövqeyini ortaya qoyurdu. Azərbaycan olduqca təmkinli və qətiyyətli siyasət ortaya qoyaraq ABŞ ilə münasibətlərini yeni yanaşma üzərindən formalaşdırır. Donald Tramp seçki kampanyasında söz verdi ki, dünyada gedən müharibələri dayandıracaq. Lakin etiraf olunmalıdır ki, dünya müharibələri içində ən nəticəyönümlü və ədalətli həll variantı Azərbaycanla Ermənistan arasında əldə edildi. Çünki sülhün gətirilməsi qədər bu sülhü istəyən qarşı tərəfdən də çox şey asılıdır. 8 avqust tarixində Donald Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında tarixi razılaşma əldə edildi.
Bu, yekun sülh müqaviləsi olmasa da, artıq tərəflər sülh şəraitində yaşamaq üçün adaptasiya mərhələsindən keçirlər. Cənab Prezident İlham Əliyev Şarm-əl-Şeyxdə keçirilən Sülh Şurasının təsis konfransında da iştirak etdi. Donald Tramp dəfələrlə Azərbaycan Prezidenti haqqında yüksək fikirlər səsləndirdi. Ardınca ABŞ viste-prezidenti Vensin Cənubi Qafqaza səfəri və bu səfər çərçivəsində Azərbaycanla ABŞ-nin strateji tərəfdaşı olması Cənubi Qafqaz regionu üçün fundamental hadisə idi. 
19 fevralda Vaşinqtonda Donald Trampın təşəbbüsü ilə təsis olunmuş Sülh Şurasının ilk sammiti keçirilir. Bu sammitə Azərbaycan Prezidentinin dəvət olunması Azərbaycana göstərilən münasibətdən, habelə dünya nizamının formalaşmasında Azərbaycan Liderinin vizyonuna duyulan ehtiyacdan xəbər verir. Azərbaycan artıq beynəlxalq nizamın formalaşdırılmasının birbaşa iştirakçısıdır. Bu isə təsadüfi deyil, cənab Prezident İlham Əliyevin illərlə apardığı yorulmaz siyasətin nəticəsidir."

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31