İqtisadi əlaqələr hər iki xalqın maraqlarına xidmət edir- ÖZƏL

"Son illər Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələr inkişaf etməkdədir. Azərbaycan şirkətləri Serbiyada bir sıra infrastruktur layihələrinin icrasında iştirak edirlər. Azərbaycan Serbiyaya qaz nəqlini həyata keçirir. Bu da ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib: "Mətbuat üçün Prezidentlərin birgə bəyanatında Azərbaycanın dövlət başçısı İlham Əliyev Serbiyaya qaz nəqlinin həcminin artırılacağını bildirdi: "Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpa olunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır".

Prezident İlham Əliyev görüşlərin və müzakirələrin bundan sonrada davam etdiriləcəyini söylədi: "Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram". Prezidentimizin bəyanatında "Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!" fikirləri hər  iki dost xalqın maraqlarına xidmət edən siyasətin dönməz və sarsılmaz olduğunun nümayişi idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31