İran üçün yeni ssenari: “Onlar məxməri keçiddə maraqlıdır”- ÖZƏL
13:14 SiyasətYaxın Şərqdə yeni qanlı hərbi əməliyyatların anonsu verilib. Çox yaxın günlərdə ABŞ və müttəfiqlərinin İrana qarşı hərbi əməliyyatlara başlayacağı deyilir. ABŞ və İsrailin İrana ordu yeridəcəyi real görünmür. Böyük ehtimalla, ABŞ və müttəfiqləri İrana hava zərbələri endirəcək. Yeni müharibə bölgəyə nə verəcək? Yeni qaçqın axını gözlənilirmi? İranı nə gözləyir?
Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli Olaylar.az-a açıqlamasında bildirib ki, İran ciddi dəyişikliklərin astanasındadır: "İran rejiminin təmsilçiləri bu günlərdə islam inqilabının 45 illiyi ilə bağlı keçirilən yürüş-mitinq üzərindən manipulyasiya edir, xalqın guya rejimi dəstəklədiyini iddia edirlər. Real durum isə budur ki, molla rejimi xalq arasında öz dayaqlarını itirib. Vilayəti fəqih rejiminin limiti dolub. Yaxın gələcəkdə İranda dini sistemin arxivə veriləcəyi gözlənilir. Yəqin ki, İranda marağı olan dövlətlər, qonşu ölkələr dini sistemdən sekulyar rejimə dinc, məxməri keçidin yollarını arayırlar. İrana münasibətdə daha radikal görünən İsrail ümumiyyətlə İran dövlətinin məhvində, ölkənin parçalanmasında maraqlıdır. Amma reallıq başqadır. Görünən odur ki, İran parçalanmayacaq, sadəcə rejim dəyişikliyi olacaq. Hərbi əməliyyatlar baş verərsə, humanitar fəlakət qaçılmazdır. Lakin mən milyonlarla iranlının Suriyadakı kimi ölkəni tərk edəcəyinə inanmıram. Qaçqın axını daha çox İranın cənubundan ola bilər. O, insanlar da iri şəhərlərə üz tutacaqlar. Azərbaycan Respublikasına hər hansı qaçqın axınının olacağını proqnozlaşdırmaq çətindir".
Hazırda Qərblə iki qanadın təmasda olduğunu xatırladan siyasi ekspert hesab edir ki, prezident Məsud Peşekianın rəhbərlik etdiyi qanad daha güvənilən, daha etibarlıdır: "Müşahidələr göstərir ki, Qərb Məsud Peşekian komandası ilə təmaslara daha çox üstünlük verir. Qərbdə Xamneyinin liderlik etdiyi mühafizəkar qanada güvənmirlər. Hazırda Xamneyi xətti güclü görünür. Lakin İrana qarşı növbəti zərbə dalğasında mühafizəkar qanad nüfuzunu daha da itirəcək. İran cəmiyyətində müasir dünya ilə ayaqlaşmağı, çağdaşlaşmağı tələb edən gənclik önə çıxacaq. Bu kəsim son seçkilərdə Məsud Pezeşkianı dəstəkləyib və onun arxasındadır. İran üçün ən ağrısız yol rejim dəyişiklıiyinin məxməri keçid modelidir. Yəni konstitusiya dəyişikliyi olur, vilayəti fəqih siyasi idarəçilikdən gedir, hakimiyyət legitim prezidentə-Məsud Pezeşkiana keçir. Dəfələrlə bərbad sosial-iqtisadi və yanlış xarici siyasətə görə rejimi hədəfə almış Pezeşkian İran cəmiyyətində qəbul olunan fiqurdur. Qonşu ölkələrdə: Türkiyə və Azərbaycanda da ona münasibət loyaldır".
İBRAHİM MƏMMƏDLİ